İstixanalarda bitki mühafizə tədbirləri və elmi təminat mövzusunda təlim keçirilib

Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Elm və İnnovasiya Mərkəzi, Aqrar Xidmətlər Agentliyi, eləcə də Azərbaycan Aqronomlar İttifaqının təşəbbüsü ilə Salyanın Qarabağlı kəndində “İstixana təsərrüfatlarında bitki mühafizə tədbirləri və elmi təminat” mövzusunda təlim və sahə nümayişi keçirilib.

Tədbirdə çıxış edən Aqrar Elm və İnnovasiya Mərkəzinin şöbə müdiri Nicat Nəsirli sağlam toxum materillarından istifadə və bitki mühafizə tədbirlərinin əhəmiyyəti barədə məlumat verib: “Salyanın ən böyük kəndlərindən biri olan Qarabağlı kəndində son illər istixanalar genişlənməkdədir. Lakin əhali tərəfindən sağlam toxum materillarından istifadə və bitki mühafizə tədbirlərinin təmin edilməsi aşağı səviyyədə olduğu üçün kəndin əksər təsərrüfatlarında xəstəliklər baş verir, zərərvericilərin aktiv hərəkəti fermerlərin iqtisadi ziyanla üzləşməsinə səbəb olur”.

Bunu əsas gətirən mütəxəssis kənd adamlarının aqrar sahədə mövcud xidmətlərdən aktiv istifadə etməyi tövsiyə edib. Nicat Nəsirli aqrar sahədə çalışanları dövlət dəstəyi ilə yenidən qurulmuş Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutu ilə fəal əməkdaşlıq etməyə çağırıb və bildirib ki, institutun alimləri fermerlərə ödənişsiz məsləhət xidməti göstərməyə, eyni zamanda rayonlaşdırılmış tərəfəz toxumları ilə təmin etməyə hazırdır.

Aqrar Xidmətlər Agentliyinin Respublika Bitki Mühafizə Mərkəzinin şöbə müdiri Xoşqədəm Ələsgərova isə istixanalarda xəstəlik və zərərvericilərə qarşı inteqrir mübarizə metodları haqqında geniş məlumat verib.

“Salyan rayonunun torpaqları ağır torpaqlar qrupuna aid olduğu üçün burada həddindən artıq mineral gübrələrdən, dərman və pestisidlərdən istifadə yolverilməzdir. İlk növbədə hər bir fermer Salyanda fəaliyyət göstərən aqrokimya laboratoriyasına müraciət edərək torpaqlarını analiz etdirməli, analizin nəticəsində təyin olunmuş normalar çərçivəsində gübrələmə tədbirlərini həyata keçirməlidir. Ən vacib məsələlərdən biri istixanalarda qeydiyyat sisteminin qurulmasıdır, yəni torpaq adamları şitillərin əkildiyi günü, xəstəlik və zərərvericilərin hərəkətini qeydiyyata alaraq yalnız elmi baxımdan əsaslandırılmış xidmətlərdən istifadə edərək mübarizə sistemini həyata keçirməlidirlər”, – deyə Xoşqədəm Ələsgərova bildirib.

Daha sonra mütəxəssislər tərəfindən fermerlər üçün sahə nümayişi keçirilib. İstixana şəraitində keçirilmiş nümayişdə şitillərin düzgün əkin, gübrələmə, xəstəlik və ziyanvericilərlə mübarizə metodları əyani göstərilib, iştirakçılara metodiki materiallar paylanılıb.

Tarix: / Foodinfo