Uşaqlarda piylənmənin qarşısını necə alaq?

Müasir məktəblinin çəkisi sürətlə artır. Piylənmə isə sadəcə zahiri görünüş qüsuru yox, həm də arterial hipertoniya, dislipidemiya, şəkərli diabet və s. kimi təhlükəli xəstəliklərin inkişafı üçün platformadır.  

Mövzu ilə əlaqədar “Qafqazinfo” “Arqumentı i faktı”ya istinadən uşaqlarda piylənmənin qarşısını almağın bir neçə yolunu təqdim edir:

Özünüz hazırlayın

Uşaqların həm ürəyi, həm də bədən quruluşu üçün təhlükəli, eyni zamanda trans yağlar və duzla zəngin olan “fast food” və sneklərə dadlı alternativ yaradın.

Ailəvi nahar və şam yeməyi adəti qoyun

Bu, artıq çəkiyə gətirib çıxaran ara yeməklərdən imtina etməyin ən gözəl yoludur.

Məcburi yedizdirməyin!

Uşaq qaşığı ağzına aparmağı öyrənəndən sonra özü yeməlidir. Bunu onun yerinə etməklə və boşqabda olan bütün yeməyi ona məcburi yedirtməklə valideynlər uşağın beyni ilə bədəni arasında əlaqəni pozur və o, nə vaxt doyduğunu anlaya bilmir.

TV və ya qadjetə baxa-baxa yeməyə icazə verməyin

Bu vərdiş beyinlə mədə arasında əlaqəni pozur və uşağın normadan artıq yeməyinə səbəb olur.

Şəkər tərkibli içkilər almayın

Məsələn, meyvə şirələri (1 stəkan = 180 kkal.) və qazlı içkilər (1 banka = 10 çay qaşığı şəkər tozu). Bu içkilərdən gündə 1 stəkan içməklə, uşaq ildə 6,5 kiloqram piyə bərabər olan 4 kiloqramdan çox şəkər qəbul edir.

Porsiyanın ölçüsünü azaldın

Onu uşaq yumruqları ilə ölçmək lazımdır. 3 dəfə qidalanmada uşaq gündə 5 yumruq meyvə-tərəvəz porsiyası, eyni miqdarda zülallı məhsullar (ət, balıq, süd məhsulları) və mürəkkəb karbohidratlar (sıyıqlar, dənli çörək) yeməlidir. 1-2 yaşlı uşaqların gündəlik rasionu 1600 kkal, 3-5 yaşlı uşaqların 1800 kkal, 5-7 yaşlı uşaqların isə 2000 kkal olmalıdır.

Rejimi nəzarətdə saxlayın

Az yatmaq immun sistemini və idrak bacarıqlarını zəiflədə, eləcə də piylənməyə gətirib çıxara bilər. Rejimə tam dəqiqliyi ilə riayət olunmalıdır. Həm adi günlərdə, həm də tətildə eyni saatda yatıb və eyni saatda oyanmaq lazımdır.

Tarix: / Foodinfo