“Vəzifə və peşə qiymətləndirilməsinin beynəlxalq metodologiyası” masterklass

Azərbaycan İnsan Resursları Assosiasiyasının və MERCER-in birgə təşkilatçılığı ilə “Vəzifə və peşə qiymətləndirilməsinin beynəlxalq metodologiyası” (“İnternational Position Evaluation (IPE) Methodology”) mövzusunda masterklass keçirilib. Qısa vaxt ərzində tədbirə böyük maraq müşahidə edilib və uğurla tamamlanıb.

Masterklassın hədəf auditoriyası mükafatlandırma, istedadların idarə olunması, insan resursları sahələrində çalışan, habelə bu istiqamətdə ixtisaslaşmaq istəyən şəxslər olub.

Proqramda aşağıdakı mövzular müzakirə edilib:

– Mercer IPE-nin təməl konsepsiyası barədə ilkin məlumat;
– Mercer IPE-nin əsasını təşkil edən 5 təməl faktorun praktiki nümunələr vasitəsilə izahı;
– Təşkilati rolların müəyyənləşdirilməsi və iş təsvirlərinin (vəzifə təlimatı) hazırlanma qaydası barədə məlumatlandırma;
– İş analizinin təşkilati struktur, əməyin ödənilməsi dərəcəsi və karyeranın idarə olunması alt sistemlərinə göstərdiyi təsirlərin müəyyənləşdirilməsi.

Qeyd edək ki, dünyanın bir çox ölkəsində tanınan və istifadə edilən Mercer IPE, davamlı araşdırmalar vasitəsilə daim təkmilləşdirilməkdə olan bir metodologiyadır. Dünyanın 50-dən çox ölkəsində təqribən 700 təşkilat tərəfindən lisenziyalaşdırılmış bu xüsusi metodologiya pozisiyaların və onları tutan şəxslərin müəyyən edilən strateji hədəflərə çatmaq üçün rolunu və müəssisə üçün təmin etdiyi dəyəri ölçmək məqsədilə istifadə olunur.

Mercer IPE metodunu digər metodlardan fərqləndirən başlıca xüsusiyyət odur ki, o, iş analizini yalnız tələb olunan ümumi bilik və bacarıqlara əsasən deyil, qərarvermə prosesi zamanı lazım ola biləcək digər faktorlara əsasən həyata keçirə bilir.

Masterklass insan resurslarının idarə edilməsi və konsaltinq sahəsində 30 illik təcrübəsi olan Okan Sezer tərəfindən keçirilib. Okan Sezer istedadların idarə edilməsi, mükafatlandırma və informasiya həlləri xidməti üzrə 2017-ci ildən MERCER-də rəhbər vəzifədə çalışır. Əvvəllər isə menecment, mühəndislik, enerji, avtomatlaşdırma, istehlak elektronikası, təhsil və insan resursları idarəçiliyi sahəsində müxtəlif institutlarda, habelə Schneider, Eldor Korporasiyası və digər təşkilatlarda qlobal CHRO kimi vəzifələrdə fəaliyyət göstərmişdir.

Tədbirin sonunda bütün iştirakçılar dünyanın insan resursları konsultasiyası üzrə 1 nömrəli şirkəti statusunu qazanan MERCER tərəfindən beynəlxalq sertifikatla təltif ediliblər. Masterklass ingilis dilində aparılıb və eyni zamanda Azərbaycan dilinə sinxron tərcümə ilə reallaşıb.

Tarix: / Foodinfo