Kofeinin faydalarına dair elmi araşdırmalar aparılıb

Kofeini gündəlik həyatımızda çayın, kofeinin, enerji içkilərinin və sair qidaların tərkibində istehlak etsək də, onun ciddi xəstəliklərə və təhlükələrə qarşı necə qoruduğu barədə düşünmürük.

Araşdırmalar isə göstərir ki, kofeinin istehlakı bir sıra hallarda tibbi baxımdan vacibdir. Elə buna görə də kofein barəsində aparılan bir neçə araşdırmanın nəticələrini sizə təqdim edirik.

Johns Hopkins Universitetində aparılan arşdırma göstərib ki, hər gün qədərində kofein qəbul edən insanlarda yaddaş güclənir. Universitetin dosenti Michael Yassa bildirib:

“Kofeinin koqnitiv-sitimuləedici təsirini hər zaman bilirdik, amma kofeinin insanlarda xatirələri gücləndirdiyi və onların unudulmasının qarşısını aldığına dair detallı araşdırma aparılmayıb”.

Bu araşdırma kofeinin məhz həmin təsirə malik olduğunu ortaya çıxarıb.

Juntendo Universitetinin tibb məktəbinin araşdırmaçı komandası aşkarlayıb ki, Parkinson xəstəliyindən əziyyət çəkən insanların qanında kofeinin miqdarı aşağıdır. Beləliklə, alimlər bu qərara gəliblər ki, kofein xəstəliyin qarşısını alır, onun qanda oaln səviyyəsi isə xəstəliyin erkən dövründə indiqator rolunu oynaya bilər.

Tayland və ABŞ-da eyni zamanda aparılan 3 araşdırmanın nəticəsinə görə hər gün məüyyən edilmiş miqdarda kofein qəbul edən Hepatit C xəstəliyindən əziyyət çəkənlərdə ciyər fibrozu və iltihabı riski azalır. Kofeinin xəstəliyin müalicəsində rolu isə hələ əlavə araşdırmalar tələb edir. Bu xəstəlikdən əziyyət çəkirsinizsə, mütləq əvvəlcə həkiminizlə məsləhətləşin və onun təyin etdiyi miqdarda kofeini qida rasionunuza daxil edin.

Kofein astma xəstəliyindən əziyyət çəkənlərə də yardımçı ola bilir.  Kofein nəfəs yollarında teofilin (theophylline) təsiri yaradır və nəfəs yollarını açır. Bu barədə araşdırma ABŞ-ın Milli Tibb Kitabxanasının nəşrində dərc olunub.

Avstarliya Müdafiə Nazirliyinin apardığı araşdırmada isə bəlli olub ki, kofein qəbul edən insanlarda sürücülük qabiliyyəti artır və sürücü xətaları azalır. Bu araşdırmanı həyata keçirmək üçün 50 saat yuxusuz qalan əsgərlər üzərində sınaq aparılıb. Buna görə də  maşın sürərkən kofe və ya kofein tərkibli enerji içkisi istehlak etməyiniz sizə yardımçı olacaq.

Hər şeydən əvvəl isə nəzərə almaq lazımdır ki, bütün içki və qidalar yalnız qədərində qəbul edilərsə,faydalıdır. Buna görə də, gündəlik qida rasionunuza daim diqqət etməlisiniz.  (oxu.az)

Tarix: / Foodinfo