AQTA “Sağlam məktəbli” layihəsinə start verib

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) “Sağlam məktəbli” layihəsi çərçivəsində Bakı şəhəri və regionlarda yerləşən ümumtəhsil məktəblərində maarifləndirmə tədbirlərinə yenidən başlayıb. Yeni tədris ilində ilk görüşlər Gəncə şəhəri Nizami Aydın adına 18 nömrəli tam orta məktəb və Mingəçevir şəhəri Texniki Humanitar liseyin şagirdləri ilə keçirilib.

Tədbirdə şagirdlərə layihə və Agentliyin fəaliyyət istiqamətləri haqqında ətraflı məlumat verilib, onlara Agentliyin hazırladığı sosial videoçarxlar təqdim edilib. Daha sonra Agentliyin regional bölmələrinin əməkdaşları tərəfindən məktəblilərə qida təhlükəsizliyinə dair ilkin vərdişlər, qablaşdırma məhsullarının qidaya təsiri, qida məhsullarında etiket məlumatları, “Fast food”un zərərləri, süd və süd məhsullarının faydaları barədə ətraflı məlumat verilib. Sonda məktəbliləri maraqlandıran suallar cavablandırılıb, onlara sağlam qidalanma ilə əlaqədar maarifləndirici materiallar paylanılıb.

Qeyd edək ki, “Sağlam məktəbli” layihəsinin keçirilməsində əsas məqsəd məktəblilər arasında sağlam qidalanmanın təşviqi, qida təhlükəsizliyi anlayışının təbliğ edilməsi və şagirdlərə qida təhlükəsizliyi vərdişlərinin aşılanmasıdır. Layihənin bu tədris ilində də bütün bölgələrdə keçirilməsi nəzərdə tutulub.

Tarix: / Foodinfo