AQTA əməkdaşları Yasamal və Xaçmaz rayonları ərazisində reydlər keçirib

“Heyvan kəsimi fəaliyyətinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 11 iyun 2018-ci il tarixli Sərəncamının icrası ilə əlaqədar Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) baytarlıq-sanitariya və gigiyena normalarına cavab verməyən yerlərdə, küçələrdə, yol kənarlarında qanunsuz heyvan kəsiminə qarşı nəzarət tədbirlərini davam etdirir.

Agentliyin əməkdaşları bu dəfə Bakının Yasamal rayonunda, eləcə də Xaçmaz rayonu ərazisində reydlər keçiriblər. Reydlərdə rayon icra hakimiyyətlərinin və Daxili İşlər Nazirliyinin yerli orqanlarının əməkdaşları iştirak ediblər.

Yoxlama zamanı qanunsuz fəaliyyət göstərən heyvan kəsimi məntəqələrində satışda olan ətlərin müəyyən hissəsinin üzərində baytarlıq müayinəsindən keçməsini təsdiqləyən möhür və müvafiq arayışların olmadığı müəyyən edilib.

Məntəqələrin sahiblərinə ciddi xəbərdarlıq olunub və qida təhlükəsizliyi tələblərinə uyğun olmayan, heyvan kəsimi üçün istifadə edilən stasionar qurğular icra hakimiyyəti orqanlarının nümayəndələri tərəfindən sökülüb. Həmin sahibkarlara qanunvericiliyin tələblərinə ciddi əməl olunması ilə bağlı xəbərdarlıq edilib. Sahibkarlara ərazidə fəaliyyət göstərən ixtisaslaşmış kəsim məntəqəsinin xidmətlərindən istifadə etmək və yaxud stasionar, modul və modul tipli kəsim məntəqələrini yaratmaq tövsiyyə edilib.

Tarix: / Foodinfo