AQTA reydlərin sayını artırdı – ƏN SƏRT TƏDBİRLƏR GÖRÜLƏCƏK

“Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) fəaliyyətə başladığı ilk gündən etibarən ölkədə qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində heyvan sağlamlığının təmin olunması və istehlak üçün yalnız baytarlıq müayinəsindən keçmiş heyvan mənşəli məhsulların istifadəsi ilə bağlı zəruri tədbirlər həyata keçirməkdədir. Bununla bağlı olaraq hüquq-mühafizə orqanları ilə birlikdə mütəmadi şəkildə mənşəyi məlum olmayan, istehlak üçün yararsız heyvan mənşəli məhsulların dövriyyədən çıxarılması istiqamətində ciddi tədbirlər görülür. Bu sahədə Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi ilə birgə həyata keçirilən tədbirlər öz müsbət nəticəsini verməkdədir”.

Bu, Qida Təhlükəsizliyi Agentliyindən Foodinfo.az-a daxil olmuş məlumatda deyilir

Məlumatda qeyd edilib ki, Qida Təhlükəsizliyi Agentliyinin məlumatları əsasında Daxili İşlər Nazirliyinin aidiyyəti qurumları tərəfindən həyata keçirilən tədbirlər zamanı Abşeron rayonunun Güzdək qəsəbəsində, Sabirabad rayonunun Xəlfəli kəndində, Bakı şəhəri Nərimanov rayonunda 40 tona yaxın mənşəyi məlum olmayan, istifadəyə yararsız ətin aşkarlanması bu istiqamətdə qanunsuz halların hələ də mövcud oluğunu sübut edir. Qeyd edək ki, aşkarlanan qanunsuz hallarla bağlı AQTA tərəfindən kompleks tədbirlərin miqyası genişlənidirlmiş və qanunsuz fəaliyyət göstərən heyvan kəsimi məntəqələrinə, ictimai iaşə obyektlərinə və heyvan mənşəli məhsulların emalı sahələrinə həyata keçirilən nəzarət tədbirlərinin – reydlərin sayı artırılıb.

“Bununla bağlı olaraq Agentlik bir daha ictimai iaşə və heyvan mənşəli məhsullarının emalı müəssisələrinin sahiblərinə xəbərdarlıq edərək bildirir ki, baytarlıq nəzarətindən keçməmiş heyvan mənşəli məhsullardan istifadə olunması ilə bağlı hər hansı bir fakt aşkarlandıqda qanunvericilik çərçivəsində ən sərt tədbirlər həyata keçiriləcək.

Eyni zamanda istehlakçılara tövsiyə olunur ki, ictimai iaşə, satış və digər məkanlarda heyvan mənşəli məhsullar alarkən məhsulun baytarlıq nəzarətindən keçdiyini sübut edən sənədləri tələb etsinlər və mənşəyi məlum olmayan bu tipli qida məhsullarının istehlakına yol verməsinlər”,- məlumatda deyilir.

Tarix: / Foodinfo