USAID: “Azərbaycan rəhbərliyi qida təhlükəsizliyi məsələlərinə ciddi yanaşır”

“Unun zənginləşdirilməsi üçün özəl şirkətlər, hökumət və vətəndaş cəmiyyəti arasında ciddi tərəfdaşlığa ehtiyac var. Azərbaycanda ölkə rəhbərliyi qida təhlükəsizliyi və mikronutriyentlərin çatışmazlığı ilə bağlı məsələlərə ciddi yanaşır”.

Bunu Avropa və Mərkəzi Asiyada mikronutriyentlərin çatışmazlığının qarşısını almaq üçün unun zənginləşdirilməsi işinin planlaşdırılması, icrası və monitorinqi üzrə seminarda ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) Azərbaycan üzrə direktoru Sinqx Caydev deyib.

O bildirib ki, USAİD yalnız Azərbaycanda deyil, qlobal səviyyədə bu təşəbbüsə dəstək verir: “Biz öz tərəfimizdən Qida Təhlükəsizliyi Agentliyinin və kənd təsərrüfatı məhsullarının istehsalçılarının tərəfdaşı olmaqdan məmnunuq. Çünki bununla həm Agentliyinin fəaliyyətində qanunvericiliyin təkmilləşməsi və yeni standartların tətbiqi məsələlərində, həm də istehsalçıların beynəlxalq bazara çıxmasına dəstək oluruq. USAID Tacikistanda unun zənginləşdirilməsi proqramına dəstək olaraq burada ciddi nailiyyətlər əldə edib. Layihə imkan verib ki, Tacikistandakı dəyirmanlar unu zənginləşdirsinlər, bu sahədə çalışan personal təlimdən keçib”.

S.Caydev qeyd edib ki, USAID Azərbaycanda unun zənginləşdirilməsi istiqamətində həmkarlarla əməkdaşlığını davam etdirməyi düşünür: “Biz çalışacağıq ki, bu sahədə ABŞ-ın təcrübəsini daha geniş paylaşaq. Ümid edirəm ki, Tacikistandakı oxşar əməkdaşlıq Azərbaycanda da mümkün olacaq”. (APA)

Tarix: / Foodinfo