Qoşqar Təhməzli: Sahibkarlarla sıx əməkdaşlıq edilir

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli Avropanın Otellər, Restoranlar və Kafelər üzrə Çətir Assosasiyasının (HOTREC) prezidenti Jens Zimmer Christensenin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Foodinfo.az xəbər verir ki, görüşdə AQTA sədri Qoşqar Təhməzli əhalinin sağlam və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlərlə bağlı qonaqları məlumatlandırıb. Bildirilib ki, ölkədə qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində beynəlxalq təşkilatlarla, eyni zamanda sahibkarlarla sıx əməkdaşlıq edilir.

HOTREC prezidenti Jens Zimmer qurum haqqında Agentlik sədrinə məlumat verib. Qeyd olunub ki, Avropada otel, restoran və kafe sənayesini özündə birləşdirən Assosiasiya ümumilikdə 1,9 milyon müəssisə, 99,5% kiçik və orta sahibkarlıq müəssisələrini əhatə edir. Həmin müəssisələr isə əlavə dəyərin 60% -ni təşkil edir. Assosiasiyanın əsas missiyası Avropa Birliyi və beynəlxalq qurumlar, habelə digər tərəflər üçün sənaye sahəsinin maraqlarını təmsil və müdafiə etmək, ən son texnologiyaları və müasir metodları daha da təşviq etmək üçün üzvlər arasında bilik mübadiləsini və ən yaxşı təcrübəni inkişaf etdirmək, Avropa qonaqlama sənayesi üçün təcrübə platforması kimi fəaliyyət göstərməkdir.

Görüşdə Avropa qonaqlama sənayesi, Avropa istehlakçılarına qidalanma xidmətinin göstərilməsi, Azərbaycanda bu xidmətlərin təşkilində Agentliyin rolu və gələcək əməkdaşlıq prespektivləri müzakirələr aparılıb

Tarix: / Foodinfo