Vüqar Baba OBA-da rəhbər vəzifəyə təyin olundu

Tanınmış PR və marketinq kommunikasiyaları eksperti Vüqar Baba OBA marketlər şəbəkəsinin Marketinq və Kommunikasiya Departamentinə direktor təyin olunub. O, həmçinin şirkətinin idarə heyətində təmsil olunacaq.

Foodinfo.az xəbər verir ki, məlumatı təsdiqləyən Vüqar Baba bildirdi ki, şirkət rəhbərliyinin ona göstərdiyi etimadı doğrultmağa, OBA brendini layiq olduğu zirvəyə daşımağa çalışacaq: “Dünyada geniş yayılmış “discount market” – endirim mağazaları formatını Azərbaycana gətirən OBA sürətlə böyüyərək qısa müddətdə 820 mağazası ilə ölkənin ən iri xidmət şəbəkəsini qurub. Üç il ərzində şirkət əsas diqqəti bütün Azərbaycanı əhatələyərək əhaliyə yaxşı məhsulu uyğun qiymətə çatdırmağa yönəldib və bu istiqamətdə var gücü ilə çalışıb. Təbii ki “discount market” təcrübəsi ilə ilk dəfə qarşılaşan – məhsulları bu cür ucuz qiymətə əldə edə bilən vətəndaşlarda bəzən məhsulun keyfiyyəti, etibarlılıq müddəti ilə bağlı şübhələr də yaranıb”.

Departament rəhbəri qeyd olunan şübhələri aradan qaldırmaq üçün OBA-nın ucuzluq sirrlərinin ictimaiyyətlə paylaşılacağını söyləyib: “OBA Türkiyənin BİM və A101, Almaniyanın Lidl və Aldi, ABŞ-ın Walmart, Rusiyanın Да! və s. tipli nəhəng endirim marketlərinin iş formatını tətbiq edərək keyfiyyətli məhsula uyğun qiymətdə nail olur. Bu metod – OBA-nın effektiv iş prinsipləri barədə tezliklə cəmiyyət detallı formada məlumatlanacaq”.

Vüqar Baba bundan öncə AS Şirkətlər Qrupunun Marketinq və Satış Departamentinin direktor müavini vəzifəsində çalışırdı.

Tarix: / Foodinfo