AQTA-dan açıqlama gəldi: “Ciddi xəbərdarlıq edilib”

Bir müddət əvvəl sosial şəbəkələrdə Bakı şəhəri, Səbail rayonu, 20-ci sahədə fəaliyyət göstərən “Smak” marketdən alınan yumurtaların istifadəyə yararsız olması barədə fotolar paylaşılmışdı.

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi Bakı Regional bölməsi məsələ ilə bağlı KİV-in sorğusuna cavab məktubu göndərib.

Məktubda deyilir ki, müraciətlə əlaqədar qeyd olunan marketdə araşdırma aparılıb, yumurtaların saxlanma və satış şəraitinə baxılıb:

“Araşdırma zamanı müəyyən edilib ki, yumurtaların üzərinə vurulmuş möhürdə yalnız istehsalçının adı qeyd olunub, istehsal tarixi haqqında məlumat verilməyib. Kənd yumurtası adı ilə satılan yumurtaların isə üzərinə ümumiyyətlə möhür vurulmayıb.

Həmçinin, yumurtaların müşayiətedici sənədləri market nümayəndəsi tərəfindən təqdim olunmayıb.

Bu məsələ ilə əlaqədar olaraq həmin yumurtaları istehsal edən “Hacıqabul quşçuluq şirkəti” MMC-nin məsul nümayəndəsi ilə əlaqə saxlanılaraq, ticarət şəbəkələrinə verilən yumurtaların üzərində istehsal tarixinin göstərilməsi və müşayiətedici sənədlərlə birgə təqdim olunması tələb edilib.

Eyni zamanda, müşayiətedici sənədləri olmayan, istehsal tarixi qeyd edilməyən bütün qida məhsullarının, o cümlədən, yumurta məhsulunun ticarət obyektində satışa çıxarılmasının yolverilməzliyi barədə “Smak” marketin rəhbərliyinə ciddi xəbərdarlıq edilib və icrası nəzarətə götürülüb”. (Teleqraf)

Tarix: / Foodinfo