AQTA taxıl anbarlarında monitorinq keçirib

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Respublika üzrə fitosanitar monitorinqləri davam etdirir. Agentlik əməkdaşları tərəfindən növbəti monitorinqlər Gəncədə dənli bitkilərin istehsalı və idxalı ilə məşğul olan sahibkarlıq subyektlərinin anbarlarında aparılıb.

Sahələrdən toplanılan məhsulların zərərvericilərdən qorunması məqsədi ilə həyata keçirilən monitorinqlər zamanı “Gəncə Dəyirman” MMC tərəfindən idxal olunan buğda məhsulunda “düyü uzunburunu” (sitophilus oruzae L.) və “sürünən kükrə” (acroptilon repens L.) zərərvericiləri aşkarlanıb.

Qabaqlayıcı tədbirlərin görülməsi üçün dərhal bu barədə Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Xidmətlər Agentliyinə məlumat verilib. Zərərvericilərin sirayətlənmə dərəcəsi müəyyən edildikdən sonra 276 ton buğda məhsulunda fumiqasiya tədbirləri həyata keçirilib, 483 ton məhsul isə alaq otları toxumundan mexaniki üsullarla seçilərək təmizlənib.

Tarix: / Foodinfo