Alimlər sudan kərə yağının analoqunu hazırlayıblar

ABŞ-ın Nyu-York ştatında yerləşən Kornell Universitetinin alimləri əsas tərkibi sudan ibarət olan az kalorili kərə yağının analoqunu əldə ediblər.

Kimyaçılar bitki yağı və süd piyi qatılmış böyük həcmdə suyu tərkibi kərə yağına yaxın emulsiyaya çevirə biliblər. Həmin məhsulun tərkibində süni stabilizatorlar yoxdur və o, kərə yağından 75 faiz daha az kaloriyə malikdir. İmitasiyanın bir xörək qaşığında 2,8 qram piy və 25,2 kalori olduğu halda, analoji həcmdə yağda 11 qram piy və təxminən 100 kalori var.

Tədqiqatın aparıcı müəllifi Alireza Abbaspurradın sözlərinə görə, alimlər məhsulun dadını və digər qida xüsusiyyətlərini dəyişə, onu vitaminlərlə zənginləşdirə də bilərlər.

İmitasiyanın əldə olunması üçün istifadə edilən texnologiyanın sağlamlığa faydalı məhsulların alınmasında vacib rol oynaya biləcəyi vurğulanır.