Çiçəkləri gündə dörd saat açılan fizalis

Fizalis el arasında yer gilası və ya quş pomidoru kimi tanınır, zahirən pomidora çox bənzəyir. Yunan dilindən tərcümədə “fuzalis” sözünün mənası qovucuq deməkdir. Xalq arasında bəzən onu zümrüdü giləmeyvə də adlandırırlar. İbn Sina isə onu quşüzümünə bənzədirdi. Ona daha çox Mərkəzi və Cənubi Amerika ölkələrində rast gəlinir. XVII əsrdə isə onu Avropa və Asiyayaya gətiriblər.

May və iyul aylarında çiçəkləyən fizalis çoxillik bitki olub kağızdan düzəldilən kisəni xatırladan narıncı, qırmızı və sarı rənglərdə olan qovuğun içərisində yerləşir, qırmızımtıl-narıncı rəngli yumru meyvələri olur. Botaniki cəhətdən kartof, pomidor, bibər və badımcan bitkiləri ilə qohumdur. Bitkinin yeyilən, dekorativ və dərman növləri var. Yeyilən fizalis növlərinin giləmeyvələri çox şirəli və ətlidir, xoşagələn və yandırıcı acı dada malikdir. Çiçəklərinin qəribə bir xüsusiyyəti var: saat 12-də açılır, saat 16-da örtülür. Dərman kimi bitkinin meyvə, şirə və kökündən istifadə edilir. Giləmeyvənin ətrafında olan qovucuğun dəmləməsi toxumaların epitelizasiyasını aktivləşdirir. Fizalisin dəmləməsindən böyrək, sidik kisəsi, qaraciyər, tənəffüs yolları xəstəliklərinin müalicəsində istifadə edilir.

Krımda xalq təbabəti biliciləri bitkinin şirəsindən dəmrovun, Orta Asiya xalq təbabətində fizalisin meyvələri anemiya, hipertoniya. atonik qəbizliyin müalicəsində, Bolqarıstanda giləmeyvələrinin dəmləməsi revmatizm, podaqra, sarılıq. qansızma, sancı və hemorroyda, Tacikistanda fizalisin şirəsi zəif ocaqda qaynadılıb südlə qarışdırılaraq angina, laringit və stomatit zamanı uşaqlara içirdilir. Təcrübə göstərir ki, laringitli xəstələrə dörd-beş gün ərzində hər gün 3-4 dəfə 3-4 xörək qaşığı fizalis şirəsi içirdilməsi xəstəni tam sağaldır. Şirənin daim qəbul edilməsi isə xəstəliyin residivləşməsinin qarşısını alır.

Fizalisdən marinad və duza qoyulmuş halda da istifadə edilir, ondan mürəbbə, cem, kompot və konfet hazırlanır.