Qurban ətləri baytar-sanitar ekspertizasından keçirəcəklər

“Qurban bayramı günlərində heyvan kəsiminin qida təhlükəsizliyinin tələblərinə uyğun formada həyata keçirilməsi üçün çox ciddi hazırlıqlar gedir. Biz daimi fəaliyyət göstərən kəsim müəssisəsinə və müvəqqəti olaraq hazırlanmış çadırtipli ətkəsimi məntəqələrinə baxış keçiririk”.

Foodinfo.az Sputnik-ə istinadən xəbər verir, bu sözləri baytarlıq üzrə baş müfəttiş Qalib Əbdüləliyev jurnalistlərə açıqlamasında deyib. O, bildirib ki, Qurban bayramı günlərində kəsilən heyvan ətlərində qida təhlükəsizliyinin tələblərinin qorunmasını təmin etmək üçün respublikada 44 stasionar heyvan kəsimi məntəqəsi və 30 çadırtipli kəsim yeri lazımi avadanlıqlar ilə təmin edilərək vətəndaşların ixtiyarına verilib: “Buraya gətirilən heyvanlar həkim müayinəsindən keçir və baytarlıq şəhadətnamələri ilə təmin olunur. Heyvan sağlamlığı tam sübuta yetirildikdən sonra onun kəsiminə icazə verilir. Daha sonra kəsilmiş ət də baytar-sanitar ekspertizasından keçirilir. Yekunda isə ət müştərilərin istifadəsinə verilir”.

30 saylı qida təhlükəsizliyinə nəzarət məntəqəsinin baytar həkimi Mədət Qocayev isə bildirib ki, kəsimdən sonra heyvanın baş nahiyəsindən tutmuş cəmdəyi və daxili orqanlarına da baxış keçirilir: “Heyvan kəsimi başa çatdıqdan sonra isə onun daxili orqanlarından invazion xəstəliklərə görə analizlər götürülür. Ətin yararlı olmasını isə laborator müayinə göstərir. Hansısa şübhə olarsa, laborator analiz götürülür”.

Qeyd edək ki, Tarif Şurasının təyinatına görə, iribuynuzlu heyvanların baytarlıq baxışı 5, xırdabuynuzlu heyvanların baytarlıq baxışı isə 4 manatdır. Ancaq bayram günlərində bu xidmət pulsuz olacaq.

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi Qurban bayramında fəaliyyət göstərəcək stasionar və çadırtipli kəsim məntəqələrinə infotur təşkil edib.

Adi günlərlə müqayisədə daha çox heyvanın kəsimi və satışının həyata keçirildiyi Qurban bayramında qurbanlıq heyvanın kəsiminin qaydalara uyğun, sanitar-gigiyena tələbləri çərçivəsində həyata keçirilməsinə xüsusi diqqət yetirilməlidir. Kəsimdən əvvəl və sonra müvafiq baytarlıq müayinəsinin keçirilməsi heyvandan insana keçə biləcək xəstəliklərin qarşısının alınması baxımından zəruri şərtdir.

Bununla əlaqədar bildiririk ki, heyvanların kəsimi və satışı aidiyyəti dövlət orqanlarının müəyyən etdiyi yerlərdə həyata keçirilməli, sanitariya-gigiyena tələblərinə uyğun olmayan küçə, yol kənarları, məhəllələr, parklar və digər ictimai yerlərdə heyvan kəsimi və satışı, eyni zamanda baytarlıq arayışı olmadan iri və xırda buynuzlu heyvanların daşınması yolverilməzdir.

Bütün bunları nəzərə alaraq Qida Təhlükəsizliyi Agentliyi və digər aidiyyəti qurumlar tərəfindən bayram günlərində əhalinin təhlükəsiz ət və ət məhsulları ilə təmin edilməsi istiqamətində ölkə ərazisində qurbanlıq heyvanların kəsiminin baytarlıq-sanitariya və gigiyena normalarına cavab verən stasionar və çadırtipli heyvan kəsimi məntəqələrində aparılması həyata keçiriləcək. Bu məqsədlə bayram günlərində heyvan kəsimi məntəqələrində son hazırlıq işləri görülür.

Paytaxtda və Respublikanın müxtəlif bölgələrində qurulması nəzərdə tutulan çadırtipli kəsim məntəqələri 3 hissədən ibarət olacaq. Birinci hissədə heyvanın kəsimi, ikinci hissədə soyulması, üçüncü hissədə isə doğranması prosesi tamamilə sanitariya-gigiyena tələblərinə uyğun həyata keçiriləcək.

Çadırtipli kəsim məntəqələri dezinfeksiya oluna bilən, tozun qarşısını alan xüsusi materialdan hazırlanıb. Məntəqənin daxili döşəməsi də xüsusi materiallardan hazırlanıb və drenaj sistemi ilə təmin edilib ki, bu da kəsim zamanı heyvanın qanı və digər axıntıların kanalizasiya vasitəsilə kənarlaşdırılmasına, nəticədə ətraf ərazilərin çirklənməsinin qarşısının alınmasına imkan verəcək. Çadırtipli kəsim məntəqələri heyvanın kəsilməsi, soyulması və doğranmasına qədər bütün prosesi həyata keçirmək üçün paslanmayan metallardan hazırlanan, gigiyenik tələblərə uyğun lazımı avadanlıqlarla təchiz edilib.

Sözügedən kəsim yerlərində ətin baytarlıq-sanitariya ekspertizasının aparılması məqsədi ilə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun səyyar laboratoriyaları vətəndaşlara ödənişsiz xidmət göstərəcək.

Mütəxəssislərin metodiki tövsiyəsi ilə hazırlanmış çadır tipli kəsim məntəqələrində qurbanlıq heyvanların satışı ilə yanaşı, onların kəsimi, hazırlanması və digər xidmətlər yerli icra strukturları tərəfindən təmin ediləcək. Çadırın yaxınlığında heyvanın dərisi və digər tullantıların daşınması üçün nəzərdə tutulan xüsusi konteynerlər qoyulacaq və həmin tullantılar ərazidən dərhal daşınacaq.

Agentlik bir daha Qurban bayramında heyvan kəsimini həyata keçirən şəxslərə müraciət edərək, şəhərimizin küçələrində və yol kənarlarında antisanitar şəraitin yaradılmaması üçün onları heyvan satışı və kəsimini baytarlıq-sanitariya və gigiyena normalarına cavab verən stasionar heyvan kəsimi məntəqələri və çadırtipli kəsim məkanlarında həyata keçirməyə çağırır.

Vətəndaşlardan xahiş olunur ki, bayram günlərində sağlamlığı şübhə doğuran heyvanlarla bağlı, eyni zamanda, küçə və yol kənarlarında antisanitar şəraitdə heyvan kəsimi və satışı müşahidə olunduqda Daxili İşlər Nazirliyinin “102” Xidməti – Zəng Mərkəzinə, Qida Təhlükəsizliyi Agentliyinin 1003 “Çağrı Mərkəzi”nə, Kənd Təsərrüfatı Nazirliyinin isə 1652 “Çağrı Mərkəzi”nə zəng edib məlumat versinlər.

Tarix: / Foodinfo