Qida sektorunda tətbiq edilən cərimələrin məbləği açıqlanıb

“Qida Təhlükəsizliyi Agentliyi tərəfindən qida təhlükəsizliyinə nəzarət sahəsində 277-si planlı, 302-si  plandankənar olmaqla ümumilikdə 579 yoxlama aparılıb. 390 iş üzrə inzibati tənbehvermə haqqında qərar qəbul edilib”.

Foodinfo.az xəbər verir ki, bunu AQTA sədri Qoşqar Təhməzli qurumun səlahiyyətlərinin icrasına başlamasının bir ilinə həsr olunmuş mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, inzibati tənbehvermə haqqında qərarlardan 5-i şərti cərimə, 22-si xəbərdarlıq, 363-ü isə inzibati qaydada cərimə edilməsi barədə qərarlardır: “İl ərzində 280100 manat cərimə tətbiq edilib”.

Q. Təhməzli bildirib ki, Agentlik tərəfindən idxal və ixrac əməliyyatları zamanı 63926 fitosanitar sertifikat və icazə sənədi, 20830 qida təhlükəsizliyi sertifikatı, 12989 baytarlıq sertifikatı və digər icazə sənədləri verilib: “Planlı və plandankənar yoxlamaların statistikasına əsasən, sözügedən dövrdə ölkə ərazisində ümumilikdə 743 sayda planlı və plandankənar yoxlamalar həyata keçirilib. Agentliyin fəaliyyət göstərdiyi bir il ərzində ixrac zamanı aparılan nəzarət tədbirləri hesabına idxalçı ölkələr tərəfindən məhsullardan imtina halları əhəmiyyətli dərəcədə azalıb. Avropa İttifaqı tərəfindən fındıq məhsulları ilə bağlı 7 dəfə idxaldan imtina halı müşahidə edilib. Halbuki 2017-ci ilin yanvar ayından Agentlik fəaliyyətə başladığı tarixədək bu cür imtina hallarının sayı 36 idi”.

Tarix: / Foodinfo