Xətaidə qanunsuz ət kəsənlərə qarşı REYD – Fotolar

Xətai rayonunda qanunsuz heyvan kəsiminin fəaliyyətinin qarşısının alınması ilə bağlı tədbirlər davam etdirilir.

Foodinfo.az xəbər verir ki, əhalinin sağlam qida məhsulları ilə təmin olunmasında ət kəsimi məntəqələrinin və bu istiqamətdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinin üzərinə böyük məsuliyyət düşür. Heyvan mənşəli qida məhsulları və onların istifadəsi qida zəncirinin yüksək risk dərəcəsinə malik olan sahəsidir.

“Heyvan kəsimi fəaliyyətinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 11 iyun 2018-ci il tarixli Sərəncamının icrası ilə əlaqədar Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən ölkədə heyvan kəsiminin müasir tələblərə uyğunlaşdırılması, müasir kəsim məntəqələrinin təşkil olunması, baytarlıq-sanitariya və sanitariya-gigiyena tələblərinə uyğun olmayan yerlərdə, küçələrdə, yol kənarlarında qeyri-qanuni heyvan kəsimi fəaliyyətinin qarşısının alınması məqsədilə nəzarət tədbirləri davam etdirilir.

Bununla bağlı olaraq paytaxtın Xətai rayonunda qanunsuz heyvan kəsimi məntəqələrində reydlər keçirilib. Reydlərdə Xətai Rayon İcra Hakimiyyəti və Daxili İşlər Nazirliyinin yerli struktur bölmələrinin əməkdaşları iştirak ediblər.
Reyd zamanı satışda olan ət məhsullarının üzərində möhürlərin olmadığı müəyyən edilib. Bundan başqa, bəzi kəsim məntəqələrində mənşəyi məlum olmayan heyvan cəmdəklərinin hissələri aşkarlanıb. Qanunsuz heyvan kəsimi ilə məşğul olan şəxslərə yalnız ixtisaslaşmış kəsim məntəqələrində kəsimin həyata keçirilməli olduğu, ət məhsullarının laborator analizdən sonra satışa təqdim edilməli olduğu bildirilib.

Qeyri-qanuni fəaliyyət göstərən məntəqələrdə heyvan kəsimi üçün istifadə edilən stasionar qurğular və qida təhlükəsizliyi tələblərinə uyğun olmayan ləvazimatlar icra hakimiyyəti orqanlarının nümayəndələri tərəfindən sökülüb.

Qida Təhlükəsizliyi Agentliyi bir daha bəyan edir ki, ət məhsulları sahəsində sağlam mühitin formalaşdırılması üçün heyvan kəsimi standartlara uyğun şəkildə həyata keçirilməli, yalnız müəyyən laborator müayinələrdən sonra həmin məhsulların istehlakçılara çatdırılması təmin olunmalıdır.

 

Tarix: / Foodinfo