Mingəçevirdə anti-sanitar şəraitdə limonad istehsal edən müəssisə aşkarlanıb

Qida Təhlükəsizliyi Agentliyinə Mingəçevir şəhəri Günəş qəsəbəsində anti-sanitar şəraitdə limonad istehsal edilməsi ilə bağlı şikayət daxil olub. Daxil olan şikayət əsasında qeyd olunan ərazidə Agentliyin əməkdaşları tərəfindən monitorinq keçirilib.

Foodinfo.az xəbər verir ki,  monitorinq zamanı daxil olmuş şikayət öz təsdiqini tapıb. Belə ki, ilkin baxış keçirilərkən qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərən müəssisədə sanitar-gigiyena və texniki-normativ sənədlərin tələblərinə əməl edilmədiyi müəyyən olunub. Limonad istehsalı müəssisəsində ehtiyat su çəninin olmadığı və anti-sanitar şəraitin hökm sürdüyü aşkar edilib. Müəssisədə istifadə olunan avadanlıq və yuyucu vannaların gigiyenik tələblərə cavab vermədiyi, qida məhsulları ilə birbaşa təmasda olan ləvazimatların yeyinti sənayesində istifadə olunmasının qadağan olunduğu müəyyən edilib. Baxış zamanı emal sahəsində istifadə olunan xammal və hazır məhsulların laborator analizlərinin aparılmadığı və mənşəyinin məlum olmadığı aşkarlanıb.

Məhsullardan nümunələr götürülərək Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarına göndərilib. Faktla bağlı qanunvericiliyin tələbləri çərçivəsində aidiyyəti qurumlarla birgə tədbirlər davam etdirilir.

Tarix: / Foodinfo