Bunu mütləq oxuyun: həkim məsləhəti

“Uşaqlar böyüklərin kiçildilmiş forması deyil. Uşaq və böyüklərin endokrinoloji problemləri bir-birindən kəskin fərqlənir. 18 yaşa qədər endokrinoloji xəstəliklərin müalicə və izləmi pediatr-endokrinoloqlar tərəfindən aparılmalıdır”.

Bu sözləri Publika.az-a müsahibə verən Uşaq Endokrinoloqu Dr. Nabat Ağayeva-Əlibəyova deyib. Müsahibəsində bir çox endokrinoloji uşaq xəstəliklərinin yaranma səbəblərinə toxunan mütəxəssis valideynlərə qiymətli tövsiyələr verib.

– Səhhətimizə, xüsusilə uşaqlara birbaşa təsir edən vacib amil qidalardır. Uşaqların sağlam inkişafını təmin etmək üçün onları hansı qidalardan uzaq tutmalıyıq?

– Mümkün qədər evdə hazırlanan təbii qidalardan istifadə edilməlidir, mağazalarda hazır şəkildə satılan, paketlənmiş qidalar, körpələr üçün hazır püre, sıyıq, şirniyyat çeşidləri, rəng və dad əlavələri, şirin qazlı içkilər və sairlərdən uzaq olmaq lazımdır. Mövcud olan hər qidanı, ağartı məhsullarını, hətta uşaqların sevdiyi fəstfud tipli qidaları evdə hazırlamaq mümkündür. Lakin evdə hazırlanmış hər qida sağlam deyil. Bu baxımdan, ölkəmiz digər ölkələrə nisbətən daha şanslıdır. Çünki təbii üsulla yetişdirilmiş meyvə-tərəvəz və ət məhsulları mövcuddur. Bir sözlə, erkən yaşlardan mümkün qədər təbii və sağlam qidalar təqdim olunmalıdır. Şəkər, un, aşırı yağlı və duzlu qidalar uşağın menyusuna mümkün qədər gec təqdim olunmalıdır. Gündəlik rasionu meyvə-tərəvəz, ağartı məhsulları və yumurta tipli qidalar təşkil etməlidir.

– Bu gün Azərbaycanda uşaqlarda rast gəlinən əsas endokrinoloji problemlər nələrdir?

– Ümumiyyətlə, qeyd edim ki, uşaq endokrinologiyası bu sahələri əhatə edir: uşaqlarda boy geriliyi, cinsi inkişaf, erkən cinsi inkişaf, piylənmə, qalxanabəznər vəz problemləri, şəkərli diabet, böyrəküstü vəz patalogioyaları, menstruasiya pozğunluqları, şəkərsiz diabet və s. Bu sahələrin hər birinə aid kifayət qədər uşaqlar var. Təəssüf ki, fərqində olmadığı üçün belə uşaqlar vaxtında aşkarlanmır, gecikmiş diaqnozla müalicəyə müraciət edirlər. Ən çox rastlaşdığımız hallar boy geriliyi, qalxanabənzər vəz xəstəlikləri, piylənmə, erkən cinsi inkişaf və şəkərli diabetdir.

– Qalxanabənzər vəz xəstəliklərinin yaranmasının səbəbləri olaraq nə göstərilir?

– Qalxanabənzər vəz xəstəliklərinin yaranma səbəbləri anadangəlmə inkişaf qüsuru, genetik ailəvi faktorlar, autoimmun proseslər (orqanizm öz vəz orqanlarını zədələyir), artıq miqdarda radiasiya, törəmələr, yod çatışmazlığı və s. ola bilər. Bu problemlər vəz funksiyasına iki cür təsir edə bilər: hipertireoz – vəzin çox hormon ifraz etməsi – el arasında buna “zob” deyilir. Və hipotireoz – vəzin az hormon ifraz etməsidir.

– Uşaqların boy inkişafına təsir edən qidalar varmı? Ümumiyyətlə, boy inkişafında əsas amillər nələrdir?

– Boy inkişafı genetik, hormonal, qida, mühit və s. faktorların qarşılıqlı təsiri nəticəsində baş verir. Boy inkişafı bətndaxili dövrdən başlayır. Həyatın ilk ilində boy təxminən 25-30 sm artır. İki yaşadək boy inkişafı əsasən uşağın qidalanmasından asılıdır. İki yaşdan sonra isə hormonlar boy inkişafını tənzimləyir. Məktəb dövründə boy inkişafı erkən yaşlara nisbətən ləng və stabil olur. Cinsi inkişaf dövrü başladıqda boy sürəti də artmış olur. Bəzi irsi xəstəliklər, hormonal çatışmazlıqlar, xroniki xəstəliklər, sümük xəstəlikləri, kistik – fibroz xəstəliyi və s. boy inkişafının geriliyinə səbəb olur.

Boy gerilikləri əksər hallarda müalicə vasitəsilə aradan qaldırıla bilər. Vacib məsələ boy geriliyinin vaxtında aşkarlanması və düzgün müalicəsidir. Həkim təyinatı olmadan boy uzatmaq üçün uşaqlara vitamin, kalsium və s. dərmanlar vermək olmaz.

Valideynlər bilməlidir ki, uşaqlarda boy geriliyi aşkar olan kimi həkimə müraciət etmək lazımdır. Boy geriliyinin müalicəsinə nə qədər tez başlanarsa, o qədər effektli olar. Yaş artdıqca boy geriliyini aradan qaldırmaq çətinləşir, cinsi inkişaf dövrü başladıqda isə çox gec olur.

– Uşaqlarda masturbasiya haqqında yayılan yalnış fikirlər hansılardır?

– Uşaqlarda masturbasiya cinsiyyət üzvlərini qıcıqlandıraraq cinsi həzz və rahatlıq hissinin yaranmasına səbəb olur. Valideynlər uşaqlarını bu hərəkəti edərkən görəndə həyəcan təbili çalırlar. Masturbasiya uşaqlar arasında çox rast gəlinən haldır. Hər iki cinsin uşaqlarında ola bilər. Uşaqlar digər orqanları ilə tanış olduqları kimi, 6-7 aylarında bezləri dəyişdirilərkən öz cinsi üzvlərini kəşf edirlər, toxunurlar, xoş hisslər yarandığı üçün bunu təkrar edirlər. Yəni uşaqlar cinsi üzvlərinin intim olduğunu başa düşmür, onlara digər orqanlarına yanaşdığı kimi yanaşırlar.

Nəzərə almaq lazımdır ki, uşaqda bu, cinsi hərəkət xarakteri daşımır və yetkinlik dövrü masturbasiyasından fərqlənir. Masturbasiya uşağın normal inkişafının bir mərhələsi olsa da, bəzi hallarda diqqət yetirilməlidir: Uşaq cinsi aktın ikitərəfli olduğunu çox erkən anlasa, bu hərəkət kompulsiv olsa və asanlıqla bu işdən ayırmaq mümkün olmasa, bunu başqa uşaqla etməyə çalışsa, əsas mqəsədini aşıb stressə qarşı rahatlama üsuluna çevrilsə, təmas səthlərində yara və ya zədə əmələ gəlsə – bu hallarda pediatra, nevroloqa, psixoloqa müraciət edilə bilər.

Uşaq bu hadisənin sosiallığını anlamır, çünki böyüklər arasında baş verən şəxsi hadisə olduğunu bilmir. Bu, onun üçün qulağı ilə oynamaq, burnunu qurdalamaq kimi adi hadisədir. Odur ki, böyük hadisəyə çevrimək olmaz. Uşaqlar istər pis, istərsə də yaxşı hadisələrlə diqqət çəkməyi sevdikləri üçün masturbasiyanın şişirdilib böyüdülməsi, onlarda bu davranışın daha da möhkəmlənməsinə səbəb olacaq. Odur ki, cəzalansa və ya utandırılmsa, özgüvəni vəz böyüyərkən cinsi aktdan həzz alması zədələnə bilər.

İctimai yerlədə masturbasiyasının qarşısını almaq üçün uşağa izah etmək lazımdır ki, bu tualet kimi şəxsi bir işdir, öz otağına və ya tualetə yönəldilməlidir, əli ilə edə biləcəyi başqa daha maraqlı işə istiqamətləndirilməlidir. Qucaqlamaq və valideyn qayğısını artırmaq lazımdır.

Masturbasiyanın uşağı inkişafdan saxlaması, nizamsız-tərbiyəsiz olması, ölümə, hətta dəliliyə səbəb olması haqqında səhv fikirlər mövcuddur. Bəzən masturbasiyanın altda yatan səbəbi nevroloji və ya endokrin ola bilər. Lakin bu halda əsas xəstəlik daha qabarıq olur. Məsələn, erkən cinsi inkişaflı uşaqlarda cinsi inkişafın əsas əlamətləri ilə yanaşı, masturbasiya ola bilər.

– Bəs erkən cinsi inkişafın səbəbləri kimi nə göstərilir və bunun nə kimi fəsadları ola bilər?

– Uşaqlarda erkən cinsi inkişafin səbəblərindən biri də ətraf mühit çirkləndiriciləridir. Bir qrup erkən cinsi inkişaflı qızlarda mikoestrogenler normadan artıq tapılıb, bu da onların cinsi inkişafı sürətləndirmələrinə işarə edə bilər. Mikoestrogenler göbələklər tərəfindən sintez olunan estrogenlərdir (qadın hormonu). Toplanmış dənli bitkilərin göbələklə yoluxması, heyvanlara verilən yemlərin yoluxması, çəki artımı üçün heyvanların bu maddələrlə qidalandırılması halları mövcuddur. Bu yollarla insan da yoluxur. Araşdırma aparılan qızlarda mikoestrogen çoxluğu mal əti və popkornla asossiasiya olunub.

Erkən cinsi inkişafı vaxtında başlamış qızlarda isə mikoestrogen çoxluğu qısa boy və süd vəziləri inkişafinın gecikməsi ilə asosiasiya olunub.

– Təəssüf ki, bu gün ölkəmizdə də cinsiyyətini dəyişdirmək istəyən həm qız, həm də oğlanların sayı artıb. Yetkinlik dövründə uşaqların cinsi mənsubiyyətinə təsir edən əsas amillər nələrdir?

– Bir neçə il əvvəl 16 yaşlı qız müraciət etmişdi. Öz cinsindən narazı idi, oğlan olmaq istəyirdi. Anatomik və hormonal olaraq tam qız tipində idi. Lakin oğlan kimi geyinir, oğlan kimi davranır, hətta əməliyyat yolu ilə süd vəzilərindən azad olmaq istəyirdi. Səbəbini araşdırdıqda məlum olur ki, bu qız uşaqlıqdan ailəsi ilə birgə Bakıda yaşayır. Hər yay ailəsi ilə birgə rayona gedir. Rayonda qohumlar tərəfindən daim tənbeh olunur: qız uşağına dəcəllik etmək olmaz, uşaqlarla həyətdə oynamaq olmaz, velosiped sürmək olmaz, dinc otur, çox danışma qız uşağısan, bərkdən gülmə və s. Təsəvvür edin ki, həyatının mənası yalnız oynamaqdan ibarət olan üç-dörd yaşlı qız bu şərtlərdə böyüdülür. Və məhz qız olduğu üçün qarşılaşdığı qadağalar nəticəsində qız olmağa nifrət edir, qız paltarları geyinməyi sevmir, oğlan olmaq istəyir. Bir qədər böyüdükdən sonra atasını itirir, anasının daim maddi və mənəvi əzab çəkdiyini, gücsüz, çarəsiz olduğunu görür. Qadın olmaqdan bir az da qorxur, kişi olmaq istəyi daha da artır.

İnsanın cinsi mənsubiyyətinə bir neçə amil təsir edə bilər – bioloji, ətraf mühit, sosial, ənənəvi faktorlar. Cinsi mənsubluq iki-üç yaşlarda möhkəmlənir. İlk aylardan başlayaraq uşağın cinsiyyətinə diqqətli yanaşmaq lazımdır. “Sən kişisən, ağlama; sən qızsan, oxumağın vacib deyil” tipli cümlələr uşağın cinsi mənsubluğunun formalaşmasına ciddi təsir edə bilər. Eləcə də uşaqda əks cinsin davranışlarına meyil görəndə – məsələn, saçına bant taxan oğlan, saçlarını çox qısa kəsdirmək istəyən qız gördükdə, valideyn tərəfindən danlanmamalı, utandırılmamalıdırlar. Əks halda, bu istəkləri daha da dərinləşə bilər.

– Bu yaxınlarda piylənmə ilə bağlı bir xəbər oxudum. Qeyd olunmuşdu ki, kök uşaqların çəkisinin lağ və tənqid obyekti olması onların vəziyyətini daha da pisləşdirir. Uşaqlarda piylənmənin müalicəsində nələrə diqqət etmək şərtdir?

– Piylənmə həqiqətən də əsrin bəlasıdır, bu bəla ölkəmizdən də yan keçməyib. Səbəbi isə düzgün qidalanma və passiv həyat tərzidir, zəmanəmizdə çox az hallarda həyətdə oynayan uşaq görmək olar. Tam əksinə, çox erkən yaşlardan əksər uşaqlar telefonla oynayır və bu da onları passiv həyat tərzinə sövq edir. Müxtəlif reklam çarxlarından təqdim olunan rəngarəng qidalar uşaqların diqqətini cəlb edir. Piylənmənin müalicəsi də ilk növbədə qida və aktivlik problemlərinin aradan qaldırılmasına yönəldilməlidir. Sağlam rejim yalnız ailə dəstəyilə aparılmalıdır. Valideyn özü sağlam qidalanmırsa, uşağa örnək ola bilməyəcək və müalicənin də faydası olmayacaq. Depressiv halların yaranmaması üçün də uşaq ailədən dəstək almalıdır. Qidalanmaya bağlı olan piylənmənin dərman vasitəsilə qalıcı təsirli müalicəsi yoxdur, odur ki, erkən yaşlardan uşaqlar düzgün həyat tərzinə uyğunlaşdırılmalıdırlar. Lakin genetik və hormonal pozuntular səbəbindən baş verən bəzi piylənmə növlərində dərman müalicəsi tələb oluna bilər.

– Bu gün şəkər və çörək səhhətin bir nömrəli düşməni hesab olunur. Uşaqları neçə yaşından şirniyyatla tanış etməyə dəyər və gündəlik norma nə qədər olmalıdır?

– Qida vərdişləri uşaq dünyaya gələn andan düzgün formalaşdırılmalıdır. Uşaq ağ şəkər tozunun dadını heç bilməməlidir, kəmşirin su, əmziyi şirin siya salıb uşağı ona alışdırmaq kimi vərdişlər yolverilməzdir. Amerika Pediatrlar Asossiasiyasının tövsiyələrinə görə, iki yaşa qədər uşaqlar şəkər tozundan heç bir halda istifadə etməli deyil. İki yaşından sonra da heç istifadə edilməməsi və ya mümkün qədər gec təqdim olunması tövsiyə olunur. Gündəlik yolverilən maksimal miqdar isə 25 qramdır.

Yeri gəlmişkən, mövsümə uyğun olaraq əksər evlərdə qışa tədarük görülür, turşu, kompot, mürəbbələr hazırlanır. Bəzən belə bir mənzərənin şahidi oluruq ki, uşaqlar hazırlanan meyvələrdən yemək istəyir, lakin əlləri geri qaytarılır, “olmaz, bunları bişirəcəm, qışda dadlı mürəbbəsini yeyərsən” tipli ifadələr işlədilir. Bilmək lazımdır ki, meyvələr çiy halda daha faydalıdır. Mürəbbə və turşuların nəinki xeyri yoxdur, hətta uşaqlara ziyandır.

İmkan daxilində, qış tədarükləri görərkən, uşağın yeməsi üçün də ayrıca meyvə almaq lazımdır. Əgər çox az miqdarda meyvə alınacaqsa, onu kompota, turşuya sərf etməyin, uşağa çiy halda yedizdirin. Həm uşaq sağlam qidalanmış olacaq, həm də ananın işi azalacaq.

– Diabet xəstəliyilə dünyaya gələn körpələr varmı? Bu xəstəliyin irsi keçmək riski nə qədərdir?

– Bəli, diabet xəstəliyilə dünyaya gələn körpələ var. Buna neonatal diabet xəstəliyi deyilir, doğumdan sonrakı ilk altı, ən geci doqquz ayda aşkarlanır. Genetik səbəblərə bağlıdır. Hər 300000-400000 uşaqdan biri neonatal diabet xəstəsidir. Ölkələrə görə, bu statistika dəyişə bilər. Qeyd edim ki, şəkərli diabet xəstəsi hər yaşda ola bilər. Bu, yalnız yaşlı insanların xəstəliyi deyil. Odur ki, valideynlər şəkər xəstəliyinin əlamətlərinə qarşı diqqətli olmalıdır, çox su içmə, tez-tez sidik ifrazı, halsızlıq varsa, qanda şəkər yoxlanmalıdır.

– Son illərdə peyvəndlə bağlı yayılmış mənfi fikirlər haqqında nə deyə bilərsiniz?

– Bir çox xanımlara xörəkləri aliminium, nikkel qazanda bişirmək olmaz, ağır metallardır və ziyandır deyəndə, etiraz edirlər. Arqumentləri də bu olur ki, illərdir anamız və nənələrimiz bu qazanda bişirir, heç kimə də heç nə olmayıb. Amma eşidəndə ki, peyvəndin tərkibində ağır metal var, panikaya düşürlər. Əziz xanımlar, mətbəxinizə diqqət edin, illərlə xörək bişirdiyiniz qazanlar, çaydanlar, konserv bankaları, hətta folqa və “madonna” servislər ağır metallardan ibarətdir və hər gün bədənimizə daxil olur. Eləcə də gündəlik işlətdiyimiz “pinqvin” paketləri, plastik qabların çoxu sağlamlığa ciddi ziyandır. Bunların qarşısını almağa çalışın.

Peyvənd əleyhinə mübarizə aparmayın. Peyvəndin tərkibindəki çox cüzi miqdarda ağır metal insan orqanizminə zərər vermir. Bu metalların çox az miqdarı onsuz da normal uşağın qanında olur, peyvenddən sonra qanda metalın miqdarı artmır, qısa müddətdə orqanizmdən xaric olur. Hər peyvənddə ağır metal olmur.

– Analar sağlam uşaq yetişdirmək üçün ilk növbədə nəyi bilməlidir?

– Sağlam övlad yetişdirmək üçün ilk növbədə ana özü sağlam olmalıdır. Uşağın inkişafı üçün ən vacib faktor qida rejiminə diqqət olunmalı, açıq havada gəzintilər, aktiv oyunlar təşkil edilməlidir. Uşaqlar erkən yaşlarda monitorlardan, qohum-qonşu məsləhətilə müxtəlif dərman təyinatlarından, ən əsası aqressiyadan qorunmalıdır.

– Qiymətli və faydalı məsləhətləriniz üçün təşəkkür edir və həkimlik kimi məsuliyyəti peşənizdə böyük uğurlara imza atmağı arzu edirik.

– Uşaq endokrinologiyasının vacib məqamlarını işıqlandırdığınız üçün mən sizə təşəkkür edirəm.

Tarix: / Foodinfo