Enerji içkiləri ölüm saçır – Qadağan edilə bilərmi? – Ekspert rəyi

Son illərdə ölkəmizdə enerji içkilərinin istifadəsi özünün pik həddinə çatıb. Hətta bəzi insanlar gün ərzində 2-3 enerji içkisi içdiklərini bildirirlər. Bu içkilərin daha çox yeniyetmələr arasında maraq qazanması isə məsələnin digər faciəvi tərəfidir.

Enerji içkiləri sağlamlığımıza necə zərər vurur, bu içkilərin ölkədə satışına qadağa qoyula bilər mi?

Məsələ ilə bağlı qida eksperti İsa Əliyevin fikirlərini öyrəndik. Ekspert açıqlamasında bildirdi ki, enerji içkilərindən istifadə əksər hallarda ürək-damar xəstəliklərinin yaranmasına səbəb olur:

“Enerji içkilərinin tərkibinə baxsaq, orada bir çox kimyəvi inqridentlərin olduğunu görərik. Eləcə də kofein və taurin kimi insan səhhətinə zərərli olan maddələr var. Kofein tərkibli içkilərin bir çoxundan, xüsusilə enerji içkilərindən çox istifadə edildiyi təqdirdə damarlar genişlənir və bu da qan təzyiqinin oynamasına səbəb olur. Bu çox vaxt ürək-damar xəstəliklərinə, hətta ürəyin anidən dayanmasına səbəb ola bilir. Bununla yanaşı, enerji içkilərinin tərkibində istifadə olunan digər amartizatorlardır, rəngləndiricilərdir, bunlar da birbaşa olmasa da, dolayı yolla insan sağlamlığına zərər vururlar.

Xüsusən azyaşlılarda enerji içkilərinə maraq olur. Təssüflər olsun ki, bir gündə 1 neçə enerji içkisini qəbul etmiş azyaşlı olub ki, həyatını itirib. Bu kimi faktlar çoxdur və xəbərlərdə, mediada öz əksini tapıb.”

Ekspert həmçinin onu deyib ki, bu içkilərin ölkədə tamamilə qadağan edilməsi real olmasa da, müəyyən məhdudiyyətlər qoyula bilər:

“Bununla əlaqədar xaricdə gündəmə gələn əsas məsələ o olub ki, enerji içkilərinin satışına müəyyən yaş həddi qoyulsun. Necə ki, spirtli içkilərə 18 yaş həddi qoyulub. Çünki, azyaşlı uşaqlarda, 16-18 yaşlı yeniyetmələrdə bu daha çox risk təşkil edir. Amma təəssüflər olsun ki, bunun tamamilə yasaqlanması ilə əlaqədar hələ ciddi bir addım atılmayıb və belə görünür ki, atılmayacaq. Çünki bunu qadağan etsələr, gərək spirtli içkiləri də qadağan etsinlər.”

Ekspert enerji içkilərinin çox miqdarda istifadə edilməsinin hətta ölümə də səbəb ola biləcəyini vurğulayıb:

“Çox vaxt enerji içkilərini spirtli içkilərlə qarışdırıb içirlər ki, bu əslində 2 qat zərərdir. Çünki spirtli içki ilə enerji içkisi qarışdırıldığı zaman insanı normadan 2-3 dəfə çox sərxoş edir. Belə hallar da olub ki, spirtli içki ilə enerji içkisini qarışdırıb qəbul edən insan əyləncə məkanlarında elə rəqs edərkən qəfildən dünyasını dəyişib. Ona görə də Azərbaycanda bu barədə “Qida Təhlükəsizliyi Agentliyi” müəyyən addımlar atmalıdır. Ən azından bir yaş həddi qoyulmalıdır. 16 və ya 18 yaşa qədər olan şəxslərə bu içkilər satılmasa daha yaxşı olar. Hər sahədə yeni innovativ həll yolları olur. Enerji içkilərinin də alternativi – tərkibindəki maddələr insan sağlığına zərərli olmayan lakin enerji içkiləri ilə eyni dadı verən içkilər istehsal edilə bilər. Qida mütəxəssisləri bu cür reseptlərin üzərində işləsələr, bu cür alternativlər çıxsa, o zaman gələcəyə doğru təhlükə azalmış olar”.

Tarix: / Foodinfo