Yediyimiz “Halal”a haram qatılmasının qarşısı alınacaq – Təklif də var

Azərbaycanda “Halal” sertifikatının verilməsinə dair mexanizmlərin formalaşdırılması və tətbiqi nəzərdə tutulur.

Sputnik Azərbaycan-ın məlumatına görə, bu, “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019-2025-ci illər üçün Dövlət Proqramı”nda öz əksini tapıb. Bu məsələdə əsas icraçı qurum Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyidir. Digər icraçılar isə Qida Təhlükəsizliyi Agentliyi və İqtisadiyyat Nazirliyidir. Qafqaz Müsəlmanları İdarəsinin bu mexanizmlərin formalaşdırılmasında iştirakı tövsiyə edilib. Mexanizmlərin formalaşdırılması 2019-2020-ci illəri əhatə edir.

“Halal” sertifikatın verilməsi ilə bağlı iqtisadçı-ekspert Natiq Cəfərli Sputnik Azərbaycan-a deyib ki, ərzaq məhsullarında beynəlxalq standartlara uyğun bir neçə meyar olmalıdır: “Bu meyarlardan biri məhsulların tərkibində zərərli maddələrin olub-olmaması, onların saxlanma müddətinə uyğunluğu laboratoriyada test edilərək üzə çıxarmalı və bundan sonra sertifikatlaşma aparılmalıdır. Buna hazırlaşmalıyıq ki, bir müddət sonra Azərbaycan şirkətlərinin Avropa məkanına mal ixrac etmək imkanları daha da artacaq. Azərbaycan müsəlman əhalinin əksəriyyət təşkil etdiyi ölkədir və məhz bu səbəbdən dini həssaslıq da önə çəkilərək “Halal” sertifikatın verilməsi təklif olunur”.

Onun sözlərinə görə, mümkündür ki, heyvan kəsimi İslam qaydalarına uyğun həyata keçirilsin, amma onun saxlanması və keyfiyyətində problem olsun: “Bu da bazara çıxarılan zaman əhalinin sağlamlığına zərərli ola bilər. O baxımdan dünya standartlarına uyğun sertifikatlaşmanın həyata keçirilməsi, bu istiqamətdə addımların atılması daha məntiqlidir ki, gələcəkdə dünyaya mal satarkən beynəlxalq qaydalara uyğun istehsal sahələrini təşkil edə bilsinlər. Ona görə də, beynəlxalq standartlara uyğun sertifikatlaşmanın olması daha vacibdir”.

Teoloq Hacı Adil Hüseynoğlu isə Sputnik Azərbaycan-a deyib ki, “Halal” sertifikatın verilməsi ilə bağlı qonşu ölkələrin təcrübəsinə baxmaq olar: “Məsələn, İranda Kənd Təsərrüfatı Nazirliyinin nəzdində bununla bağlı qurum fəaliyyət göstərir və bu, “şəriət nəzarətçisi” adlanır. Bu nəzarətçilər ilahiyyat üzrə mütəxəssis olmalı, bütün şəriət kəsim qaydalarından dəqiq məlumatı olmalıdır. Burada heyvanın damarlarının kəsilməsi, qibləyə tərəf qoyulması, elektrik avadanlıqlarından istifadə və digər çoxlu xırdalıqlar var. Ona görə də bu sahədə xüsusi təlim keçmiş ilahiyyatçılar olmalıdır ki, nəzarətçi kimi fəaliyyət göstərə bilsinlər”.

Onun fikrincə, bu işi ilahiyyat fakültəsini bitirmiş şəxsin öhdəsinə buraxmaq düzgün deyil: “Bu, çox ciddi məsələdir və “Halal” sertifikatı verən qurum seçilmiş dini şəxsləri bura dəvət etməlidir ki, səhlənkarlıq, boşluq olmasın. Məsələn, İranda müəssisələrin kəsim sexlərinin hamısında “şəriət nəzarətçisi” olur. Həmin şəxs kəsim prosesinə nəzarət edir. Heyvan kəsim prosesində incəliklər olduğu üçün həmin nəzarətçilərə xüsusi kurslar keçirilir. Bu təcrübəni Azərbaycanda tətbiq etmək olar”.

Teoloq bildirib ki, Azərbaycanda bütün qida müəssisələrində, o cümlədən kolbasa sexlərində nəzarətçilər olmalıdır: “Həmin nəzarətçilərə kurs keçirilməli, sertifikatlar verilməlidir. Burada etibar məsələsi mühümdür. Hazırda ölkədə qida məsələləri ilə bağlı vəziyyət acınacaqlıdır. Azərbaycanda “Halal” sertifikatının verilməsinə dair mexanizmlərin formalaşdırılması və tətbiqi müsbət addımdır”.

Qeyd edək ki, Dövlət Proqramı üzrə 2025-ci ilədək strateji baxış əhalinin sağlam və təhlükəsiz qida ilə tam təmin edilməsinə və bununla da qida mənşəli xəstəliklərin nəzərəçarpacaq dərəcədə azalmasına, habelə kənd təsərrüfatı və qida məhsullarının məhsuldarlığının və rəqabət qabiliyyətinin artırılmasına, inkişaf etmiş ölkələrin bazarlarına ixrac həcminin artırılmasına nail olmağı nəzərdə tutur.

 

Tarix: / Foodinfo