Dövlət agentliyi sahibkarların siyahısını tutacaq

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi mayın 1-dən etibarən qida sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin qeydiyyatını və reyestrə daxil edilməsini onlayn qaydada həyata keçirəcək.

Foodinfo.az  məlumat verir ki, AQTA-nın mətbuat katibi Aysel Fərziyeva bildirib ki, bu məqsədlə Agentlikdə Avtomatlaşdırılmış Qida Təhlükəsizliyi İnformasiya Sistemi (AQTİS) hazırlanıb və proqram təminatı hazırda test rejimdə fəaliyyət göstərir.

Elektron sistem vasitəsi ilə qida təhlükəsizliyi qeydiyyatından keçmək istəyən sahibkarlar müvafiq idarəyə gəlmədən, Agentliyin rəsmi internet saytına daxil olub onlayn qeydiyyat üçün müraciət edəcəklər. Sistemə giriş ASAN İmza, Elektron imza və FİN kod vasitəsilə həyata keçiriləcək. Həmçinin sahibkarlar banka getmədən müvafiq dövlət rüsumlarını da şəxsi kabinet vasitəsi ilə ödəmək imkanı əldə edəcəklər.

Müraciətə uyğun olaraq müvafiq iş axını Agentlik tərəfindən həyata keçiriləcək və sahibkarın şəxsi kabinetinə bildiriş göndəriləcək.

Gələcəkdə AQTİS bütün qida zəncirini əhatə etməklə Qida Təhlükəsizliyi Agentliyi ilə sahibkarlar arasında əməkdaşlığın sürətli inkişafında yeni innovativ həllərin tətbiqini təmin edəcək, elektron hökümətin inkişafı istiqamətində bir çox elektron xidmətlər hazırlanacaq və digər dövlət qurumları ilə məlumat mübadiləsi real rejimdə həyata keçiriləcək. Eyni zamanda idxal-ixrac proseslərinin avtomatlaşdırılması və Dövlət Gömrük Komitəsi ilə real vaxt rejimində məlumat mübadiləsinin aparılması nəzərdə tutulur. Bu da ilk növbədə vətəndaş-məmur ünsiyyətini minimuma endirmək, sahibkarların vaxt itkisinin qarşısını almaq və qeydiyyat, idxal-ixrac prosesini daha da sadələşdirməklə bu sahədə operativlik və şəffaflığı artırmağa imkan verəcək.

Tarix: / Foodinfo