AQTA və AQTİ nümayəndə heyəti ABŞ-da işgüzar səfərdə olub

ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi və WCC şirkətinin təşkilatçılığı ilə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) və Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) nümayəndə heyəti ABŞ-da işgüzar səfərdə olub. Səfər çərçivəsində ABŞ Qida və Dərman Administrasiyası, ABŞ Kənd Təsərrüfatı Departamentinin rəhbərliyi, eləcə də Vaşinqton və onun ətrafında yerləşən qida təlükəsizliyi sahəsində fəaliyyət göstərən qurumlarla əməkdaşlıq istiqamətlərində görüşlər keçirilib.

Görüş zamanı qurumlara AQTA-nın fəaliyyəti haqqında ətraflı məlumatl verilib. Adıçəkilən qurumlarla qida təhlükəsizliyi, baytarlıq və fitosanitar sahələrində əməkdaşlıq istiqamətləri müzakirə olunub. Eyni zamanda qurumlar arasında təcrübə mübadiləsi və laboratoriyaların akkreditasiyası üzrə qabaqcıl təcrübənin tətbiqi sahəsində danışıqlar aparılıb.

Bundan başqa səfər çərçivəsində nümayəndə heyəti ABŞ Ətraf Mühitin Mühafizəsi Agentliyinin fəaliyyət sahəsi ilə tanış olub, birgə əməkdaşlıq perspektivləri müzakirə olunub.

Həmçinin nümayəndə heyətinin Maryland Sağlamlıq Departamentinin nümayəndə heyəti ilə görüşü baş tutub. Görüş zamanı əməkdaşlara müxtəlif sahələr üzrə qida zəncirinin bütün mərhələlərində qarşı tərəfin fəaliyyətini əks etdirən təqdimatlar nümayiş etdirilib.

İşgüzar görüş Kolumbiya Univesitetinin rəhbərliyi ilə başa çatıb. Nümayəndə heyəti universitetin elmi-praktiki araşdırmaları, fəaliyyət sahələri, tətbiq olunan qabaqcıl texnologiyalar ilə yaxından tanış olublar.

Tarix: / Foodinfo