Deputat qida təhlükəsizliyindən yazdı

Son vaxtlar kütləvi informasiya vasitələri ilə respublikamızın müxtəlif bölgələrində, o cümlədən Bakı şəhərində baytarlıq-sanitariya və sanitariya-gigiyena tələblərinə cavab verməyən, mənşəyi məlum olmayan ət məhsullarının istehsalı və satışı ilə məşğul olan şəxslərin qanunsuz fəaliyyətləri barədə cəmiyyətə məlumat verilir. Baytarlıq-sanitariya və sanitariya-gigiyena tələblərinə uyğun olmayan yerlərdə, küçələrdə, yol kənarlarında qanunsuz heyvan kəsimi və ət satışı məntəqələri hələ də fəaliyyət göstərir. Bu günlərdə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə daxil olan məlumata əsasən Sabunçu rayonunun Ramana qəsəbəsində anti-sanitar şəraitdə qanunsuz fəaliyyət göstərən toyuq kəsim sexi aşkar olunub. Baxış zamanı sexdə baytarlıq-sanitar və sanitariya-gigiyenik normaların ciddi şəkildə pozulduğu, anti-sanitar şəraitdə quş kəsiminin və təmizlənməsinin həyata keçirildiyi müəyyən olunub. Belə hallara qarşı tədbirlərin görülməsini bir qədər də gücləndirmək lazımdır.

Qanuni sahibkarlıq fəaliyyətinə dövlət tərəfindən hər bir şəraitin yaradıldığı, bu sahənin inkişafına maliyyə dəstəyinin göstərildiyi bir zamanda bu cür qanunsuzluqlara yol verənləri heç cür başa düşmək olmur. Bu şəxslər bilməlidirlər ki, onların belə qanunsuz fəaliyyətləri insanların zəhərlənmələrinə, xəstələnmələrinə və digər xoşagəlməz hallara səbəb olur.

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində bu sahədə yol verilən inzibati xətalara görə müxtəlif məbləğlərdə cərimələr nəzərdə tutulub. Bəzi hallarda qanunsuzluqlara yol verənlərin bu qanunsuz hərəkətlərinə görə onlara qarşı hansı tədbirlərin görüləcəyindən məlumatları olmur. Buna görə də bu sahədə maariflənmə işlərinin daha da gücləndirilməsinə ehtiyac var.

Əhalinin tam şəkildə keyfiyyətli qida məhsulları ilə, o cümlədən ət məhsulları ilə təmin olunması vacib məsələlərdən biridir. Respublika əhalisinin ət məhsullarına olan tələbatının tam şəkildə ödənilməsi məqsədi ilə tələb olunan məhsulların bir hissəsi dünyanın bir çox ölkələrindən idxal olunur. Bu ölkələrə misal olaraq Ukraynanı, Gürcüstanı, Rusiya Federasiyasını, Braziliyanı, Türkiyəni, Hindistanı, Almaniyanı və digərlərini göstərmək olar.

Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair “Strateji Yol Xəritəsi”ndə nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsini təmin etmək, qida təhlükəsizliyinə nəzarət sistemini təkmilləşdirmək, bu sahədə şəffaflığın artırılması məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Fərmanı ilə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi yaradılıb. Agentlik yaradıldıqdan sonra qida təhlükəsizliyinin təmin olunması istiqamətində bir sıra mühüm tədbirlər həyata keçirilir və bu istiqamətdə işlər davam edir. Yerlərdə müvafiq dövət orqanları, yerliözünüidarə qurumları və sakinlər bu məsələlərin həllində yaxından iştirak etməlidirlər.

Rauf Əliyev

Millət vəkili

Tarix: / Foodinfo