Kartof-soğan imtahanı

Son aylarda soğanın qiymətinin kəskin bahalaşması fonunda Baş nazir tərəfindən qəbul olunmuş qərarla bəzi tərəvəzlərin ixracına rüsum artırıldı.

Soğan məsələsi aydındır. İki ayda təkcə Türkiyəyə daşınan 7300 ton soğan bazarda bu məhsulun qiymətinin artması üçün ciddi əsasdır. Amma soğanın gözünə kartof və kələmi də qatdılar. Ardınca da Cəlilabadda kartof əkənlərin etirazından sonra rüsumun ləğv olunması barədə xəbər yayıldı.

Əslində mövzu heç də rüsum deyil. Ölkədə kənd təsərrüfatı sahəsində olan nöqsanlar səbəbdir. Çünki konkret  kimin, harda, hansı məhsuldan nə qədər əkəcəyi, bunu hara satacağı bəlli deyil. Cəlilabadda olunan etiraz qismən başadüşüləndir. Amma anlaşılmayan odur ki, yerli kartof ola-ola niyə bazarı Pakistan, İran kartofu bürüyüb. Bəlkə ucuzdur? Xeyr kilosu 90 qəpikdən başlayan kartof heç də ucuz deyil. Axı niyə Cəlilabadda, Şəmkirdə, Tovuzda, Gədəbəydə əkilən kartofu yeyə bilmirik? Sahibkarların bir az artıq pul qazanması xatirinə niyə vətəndaş əziyyət çəkməlidir?

Soğanın bahalaşması fonunda ötən il sarımsağın “aqibəti” xatırlandı. Çünki bir il əvvəl bir dənəsi az qala bir manata olan sarımsaq bircə ildən sonra 3 kilosunu bir manat oldu. Çünki hamı sarımsaq əkdi və nəticədə də məhsul batdı.

Ərzaq təhlükəsizliyi məsələsi ciddi nəzarətdə olmalıdı. Xüsusilə də kənd təsərrüfatı. Əkinçilik, heyvandarlıq sahəsinin tənzimlənməsi zəruridir. Əks halda qəfildən göyərtinin bir dəstəsini 2 manata almalı olacağıq.

P.S. Yaxın dostlarımdan biri istixanada pomidor, xiyar əkir. Deyir ki, Türkiyədən bir qonağı olub. İstixana sahibi imiş orda. Söhbət əsnasında soruşub ki, siz hansı sort pomidor əkirsiniz. Dostum deyib ki, hansı yaxşı olsa. Türk qonaq təəccüblənib ki, bəs torpağı analiz etmirlər sizdə, nə edəcəyinizi, nə qədər əkəcəyinizi demirlər? Təbii ki, bütün bu sualların qarşısında dostum sadəcə susub…

P.P.S. İstifadəyə yararlı o qədər boş torpaq var ki, əkilmir. Dövlətin kifayət qədər resursu var ki, həmin torpaqları əkib ölkədaxili tərəvəz ehtiyatını toplasın. Hə bu arada soyuducu anbarlar məsələsi də var…

Orxan Əli

Foodinfo.az