Fermerlər bu müsahibəni mütləq oxusun

Kənd Təsərrüfatı Nazirliyi yanında “Dövlət Aqrar Ticarət Şirkəti” MMC-nin direktoru Leyla Məmmədovanın müsahibəsi. 

– Rəhbərlik etdiyiniz şirkətin yaradılmasından 9 aya yaxın vaxt keçir. Bu müddətdə hansı işlər görülüb? 2019-cu il üçün planlarınız nədən ibarədir?

–  “Dövlət Aqrar Ticarət Şirkəti” 8 iyun 2018-ci il tarixində təsis edilib. Şirkətin əsas məqsədi kiçik və orta fermer təsərrüfatı sahiblərinin yetişdirdikləri məhsulların keyfiyyətini artırmaq və satışına dəstək məqsədilə maarifləndirmə tədbirləri keçirmək, mövcud kənd təsərrüfatı məhsullarının brendləşdirilərək qablaşdırılmasını təşkil etmək, mövcud və alternativ satış kanallarından istifadə etməklə yerli fermer və qida məhsullarının satışına dəstək göstərmək, Strateji Yol Xəritəsindən irəli gələn tədbirlərin icrasını təmin etmək, son nəticədə fermerlərin sosial rifahını artırılmasına xidmət etməkdir. Bu məqsədlə biz yerli və xarici beynəlxalq təşkilatlar, maliyyə institutları, emal və xidmət müəssisələri ilə sıx əməkdaşlıq edirik. Eyni zamanda məhsulların xaricdə satışının təşkili üçün mütəmadi olaraq beynəlxalq sərgilərdə iştirak edir və əlaqələrimizi genişləndiririk. 2018-ci il sentyabrın 27-də Heydər Əliyev Mərkəzində baş tutan IX Azərbaycan-Rusiya Regionlararası Forumu zamanı Azərbaycan şirkəti ilə Rusiyanın Kənd Təsərrüfatı Nazirliyinin nəzdindəki “Aqroeksport” şirkəti arasında gələcək əməkdaşlıqla bağlı memorandum imzalanıb. Bundan başqa, Birləşmiş Ərəb Əmirliklərində keçirilən “Gulf Food”, Rusiyada keçirilən “Moscow Food”, Fransada keçirilən Sial beynəlxalq qida sərgilərində əməkdaşlarımız iştirak edir, yeni satış kanalları axtarılır. Daxili və xarici bazarda sifarişçilərlə – böyük istehsal müəssisələri, market şəbəkələri, bazarlar, restoran və digər ictimai iaşə obyektləri ilə əməkdaşlıq edirik. Qarşıya qoyduğumuz əsas fəaliyyətlərdən biri də fermerlərə ünvanlanmış sosial layihələr həyata keçirmək, onlar üçün kənd təsərrüfatı sahəsində müasir tendensiyalar, yeniliklər və innovasiyalarla bağlı maarifləndirici tədbirlər təşkil etməkdir. Ötən dövr ərzində “Kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”ndə göstərilən müddəalara uyğun olaraq yerli fermer və qida istehsalçılarının məhsullarının satış mərkəzi – “Kənddən Şəhərə” yaşıl marketi yaradılıb. Bu il ərzində “Kənddən Şəhərə” yaşıl marketinin mobil tətbiq və elektron ticarət saytının istifadəyə verilməsini planlaşdırırıq. Vətəndaşlar mobil tətbiq və sayt vasitəsilə onlayn alış-veriş edərək sifarişlərini verəcək, sifarişlər isə dərhal müştərinin ünvanına çatdırılacaq.

 – Layihələrin hazırki statusu nə yerdədir? Fermerlərin layihələrə marağını necə qiymətləndirirsiniz?

– “Kənddən Şəhərə” layihəsi kiçik və orta fermer təsərrüfatı sahiblərinin yetişdirdiyi məhsulların satışına dəstək məqsədilə “Dövlət Aqrar Ticarət Şirkəti”nin həyata keçiridiyi sosial layihədir. Layihə çərçivəsində ötən ilin sonlarında Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni İl münasibətilə yarmarka təşkil edilib. Yarmarkada tamamilə ödənişsiz olaraq iştirak edən 120-dən artıq fermer öz məhsullarının satışını həyata keçirə bilibdir. Novruz bayramı ərəfəsində də yenə eyni ünvanda – Nizami küçəsi 154-də növbəti bayram yarmarkası təşkil olunacaq. Bundan başqa, “Kənddən Şəhərə” markası altında kənd təsərrüfatı məhsullarının keyfiyyətinə və sortuna görə qruplaşdırılaraq qablaşdırılması, brendləşdirilməsi həyata keçirilir. Bu günə qədər müxtəlif bal növləri, “Haşimi” düyüsü və Cəlilabad noxudu qablaşdırılaraq satışa təqdim olunub. Mərhələli şəkildə digər məhsulların da qablaşdırılmasını planlaşdırırıq. Bundan başqa, artıq müəyyən istehsala sahib olan kiçik biznesmenlərə markalaşma və brendləşmə mövzusunda məsləhət xidməti göstərir, dəstəyimizi əsirgəmirik. Bu istiqamətdə aparılan işlər fermerlərin məhsullarına əlavə dəyər qatır və onların məhsullarının istehlakçılar üçün daha cəlbedici olmasına səbəb olur. Nəticədə isə məhsulların satışında artım əldə olunur, fermerlərin rifahı daha da yüksəlir və kənd əhalisinin bu sahəyə olan marağı daha da artır. Ötən ilin dekabrın 25-dən etibarən layihə çərçivəsində ilk yerli fermer və qida məhsullarının satış mərkəzi – “Kənddən Şəhərə” yaşıl marketi şəhər əhalisinin ixtiyarına verilib. Nizami küçəsi, 154B ünvanında yerləşən satış mərkəzində əhaliyə yalnız yerli istehsal ərzaq məhsulları təklif edilir. Satış mərkəzi ilə əməkdaşlıq çərçivəsində təsərrüfat sahiblərinə “Fermer kartı” da təqdim olunub, alınan məhsulların dəyərinin ödənilməsi bu kart vasitəsilə həyata keçirilir. Bu günə qədər layihəyə həm vətəndaşların, həm də fermerlərin marağı yüksək olub. Görülən işlər nəticəsində layihədə iştirak edən fermerlər yeni satış kanallarına çıxış əldə edib, onlar iri emaledicilərlə əməkdaşlıq çərçivəsində məhsullarının satışını həyata keçirib və gəlir əldə ediblər. Satış kanallarının sayının çox olması son nəticədə fermer təsərrüfatlarının inkişafına və bu sahədə istehsalın stimullaşmasına səbəb olur.

– Bir qədər də “Fermer kartı”nın üstünlüklərindən danışaq. Bu layihə fermerlərə nə qazandıracaq?

– Bildiyiniz kimi, Prezident İlham Əliyevin imzaladığı sərəncamla “2018-2020-ci illərdə rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı” təsdiq edilib. Kənd təsərrüfatında nağdsız ödənişləri stimullaşdırmaq məqsədilə tərəfimizdən “Fermer kartı” layihəsinin icrasına başlanılıb və uğurla davam etdirilir. Çünki fermerlərin bu gün rastlaşdığı ən böyük problemlərdən biri də onların maliyyə tarixçəsinin olmaması və maliyyə resurlarına çıxışlarında müəyyən çətinliklərin olmasıdır. Layihənin qısa məzmunu ondan ibarətdir ki, kənd təsərrüfatı məhsulları istehsalçısı olan kiçik və orta fermer təsərrüfatı sahiblərinə yetişdirdikləri məhsulların dəyəri nağd şəkildə deyil, “Fermer kartı” vasitəsilə ödənilir. Kartın fermerlər üçün bir çox üstünlükləri mövcuddur. Kartdan vəsait çıxarılan zaman fermerlərdən hər hansı xidmət haqqı tutulmur. Kart vasitəsilə hər bir fermerə identifikasiya kodu verilir, alqı-satqı prosesinin qeydiyyatı aparılır. Bunun da nəticəsində fermerlərlə əməkdaşlıqda şəffaflıq təmin olunur. Kartdan istifadə fermerlərə ödənilən vəsaitin dərhal onlara çatmasına imkan verməklə yanaşı, bölgələrdə nağdsız ödənişləri stimullaşdırmaq məqsədi daşıyır. Fermerlərimiz həmçinin, gələcəkdə kart dövriyyəsini göstərməklə bank və kredit təşkilatlarının digər xidmətlərindən də rahatlıqla istifadə edə biləcək. “Fermer kartı” əldə etmək istəyən təsərrüfatı sahibləri şirkətin internet səhifəsi vasitəsilə ərizə formasını doldurmaqla müraciət edə, qeydiyyatdan keçə bilərlər.

– Kənd təsərrüfatı istehsalçıları ilə əməkdaşlıq hansı formada qurulub? Hazırda nə qədər fermer sizinlə əməkdaşlıq edir və bu rəqəm hansı həddə qədər arta bilər?

– “Dövlət Aqrar Ticarət Şirkəti”nin fəaliyyətinin əsas prinsipləri dürüstlük və şəffaflıq, sosial məsuliyyət, çeviklik, yüksək keyfiyyət və etibarlı əməkdaşlıqdır. Biz fermerlərlə öz işimizi bu dəyərlər üzərində qururuq. Fermerlər tərəfindən şifahi və ya yazılı olaraq şirkətə müraciət daxil olur, yetişdirdikləri məhsul barədə ətraflı məlumat təqdim edir və əməkdaşlarımız tərəfindən fermerin müraciəti qeydiyyata alınır. Bu müraciət əsasında məhsula baxış keçirilir, məhsulun keyfiyyəti müvafiq qayda və standartlara uyğun olaraq yoxlanılır, məhsula müvafiq alıcı axtarılır. Bu günə qədər 300-dən artıq fermer Şirkətimizə müraciət edib, əməkdaşlıq qurmaqda maraqlı olduqlarını bildiriblər. Təbii ki, Şirkət olaraq əsas məqsədimiz ölkədə fəaliyyət göstərən bütün fermerləri əhatə etməkdir. Görüləcək işlərimiz çoxdur. Çalışırıq ki, bizə müraciət edən fermerlərin mövcud problemlərinin həllində, yetişdirdikləri məhsulların satışında onlara dəstək olaq

– Fermerlər “Dövlət Aqrar Ticarət Şirkəti” ilə əməkdaşlıq etməki üçün hansı tələblərə cavab verməlidirlərmi?

– Şirkətlə əməkdaşlıq etmək üçün fermerlərə qeyri-adi hər hansı tələb qoyulmayıb. Əsas tələblərdən biri odur ki, fermerlər yetişdirdikləri məhsulların keyfiyyətinə ciddi nəzarət etsinlər, keyfiyyətin yüksək olması üçün təsərrüfatda lazımi aqrotexniki qulluq qaydalarına riayət etsinlər. Bir çox hallarda isə, müraciət edən fermerlərin məhsullarının qiyməti və keyfiyyəti uyğun olmur. Bu zaman fermerin məhsulun rəqabətədavamlılığını artırması üçün müəyyən məsləhətlər veririk. Əsas tələblərdən biri də məhsulların müvafiq qida təhlükəsizliyi standartlarına uyğunluğunu bildirən sertifikatının olmasıdır. Bildiyiniz kimi, məhsulun keyfiyyəti onun satışına birbaşa təsir edir. Keyfiyyətli məhsul isə, heç vaxt alıcısız qalmır.

– Bəzən deyirlər ki, fermerlər məhsulları yerində həddindən çox ucuz satır, şəhərdə isə qiymət nəzərəçarpacaq fərqlə təklif olunur. Bu iddialara münasibətiniz necədir? “Kənddən Şəhərə” satış mərkəzində qiymətlər necə tənzimlənir?

– Doğru qeyd edirsiniz. Etiraf etmək lazımdır ki, bölgələrdə məhsulların satış qiyməti paytaxt qiymətlərindən xeyli fərqlidir, aşağıdır. Bu, bir tərəfdən normaldır. Çünki fermer öz məhsulunu qapısında satır və məhsulun dəyərinə əlavə yol xərci, daşınma xərci gəlmədiyinə görə daha aşağı qiymətə təklif edir. Paytaxtda qiymətlərin fərqli olması isə bir tərəfdən loqistika və anbarda saxlanma xərcləri ilə, digər tərəfdən isə arada vasitəçilərin çoxluğu ilə əlaqədardır. Vasitəçilər nə qədər çox olarsa, bu, birbaşa məhsulun qiymətində artıma səbəb olur. Sosial bir layihə olduğunu və məhsulların birbaşa fermerlərin özündən tədarük edildiyini nəzərə alsaq deyə bilərik ki, “Kənddən Şəhərə” satış mərkəzində qiymətlər digər satış obyektlərinə nisbətən daha aşağıdır. Çünki arada ikinci, üçüncü vasitəçilər yoxdur və layihənin məqsədinə uyğun olaraq məhsulun maya dəyərinin üzərinə çox kiçik marja əlavə edilir. Misal olaraq, “Kənddən Şəhərə” satış mərkəzində Lənkəran fermerlərinin yetişdirdiyi Haşimi düyüsünün 900 qramlıq qablaşdırmada qiyməti 2,9 manat, Cəlilabad noxudunun qiyməti isə 700 qramlıq qablaşdırmada 1,7 manatdır. Qeyd edim ki, digər satış nöqtələri ilə müqayisədə bu, çox aşağı qiymətdir.

Mənbə: Report

Tarix: / Foodinfo