Bazarda saxta yağlar var — Kərə yağını necə tanıyaq? – VİDEO

Marketlərdə hər cür qiymətə kərə yağı adı ilə yağlar satılır. Qida Təhlükəsizliyi Agentliyi kərə yağını digərlərindən fərqləndirən əsas əlamətləri açıqlayıb. Qurum bazarda kərə yağı adı ilə satılan yağlar arasındakı qiymət fərqinin səbəblərini də açıqlayıb.

Marketlərdə 6 manata da, 19 manata da kərə yağı satılır. Bu isə vətəndaşlar üçün əsl kərə yağını seçməkdə çətinlik yaradır. Kərə yağının keyfiyyətini isə hər vətəndaş öz üsulu ilə müəyyən edir.

Qida Təhlükəsizliyi Agentliyi İnstitutundan isə Xəzər Xəbərə bildirdilər ki, kərə yağının çoxsaylı əlamətləri mövcuddur. İnstitutun sektor müdiri Aynurə Rzayeva bildirir ki, kərə yağında təmiz yağın həcmi digərlərindən çox olur.

Aynurə Rzayeva bildirir ki, əgər hansısa kərə yağının üzərində yağ, su və quru süddən başqa maddə qeyd edilibsə deməli o təmiz kərə yağı hesab olunmur. Ancaq əlamətlər təkcə bununla bitmir.

Bundan başqa kərə yağının bir hissəsini qaynar suya salaraq da yoxlamaq mümkündür. Əgər yağın həll olması bərabər gedirsə kərə yağıdır, yox əgər parçalanma gedirsə onda içərisində qarışıq maddələr mövcuddur. Kərə yağı soyuducuya qoyduqdan sonra çıxarılanda üzərində su damcıları olmamalıdır. Bu damcılar qatqı maddələrinin olmasına işarədir. Qida Agentliyi İnstutunun sektor müdiri bildirir ki, satışda kərə yağı adı satılan saxta yağlar mövcud olub və aşkar edildikcə onlar barəsində lazımı tədbirlər görülür.

Onu da qeyd edək ki, aldıqları yağın tərkibi ilə bağlı şübhə duyan vətəndaşlar Qida Təhlükəsizliyi Agentliyinin İnstitutuna yağın nümunəsi ilə müraciət edərək onun tərkibi barədə məlumat ala bilərlər. Əgər yağın tərkibi üzərində qeyd olunan məlumatlardan fərqli olarsa onda qanuna uyğun olaraq tədbirlər görüləcək.

 

Tarix: / Foodinfo