Kənd təsərrüfatı subsidiyalarının əhəmiyyəti nədir?

Fermerlərə 25 milyon manata yaxın subsidiya veriləcək. Belə ki, Respublika Komissiyası 23 rayon (şəhər) üzrə 15 627 istehsalçıya təhvil verdikləri 230,4 min ton xam pambığa görə 23038,9 min manat, 12 rayon (şəhər) üzrə 531 istehsalçıya təhvil verdikləri 2,7 min ton quru və 22,5 min ton yaş tütünə görə 247,4 min manat və 25 rayon (şəhər) üzrə 1936 istehsalçıya təhvil verdikləri 276,6 min ton şəkər çuğunduruna görə 1106,6 min manat məbləğində subsidiyanın verilməsi barədə qərar qəbul edib.

 

Bəs bu qərarın qəbul edilməsi kənd təsərrüfatına nə kimi müsbət təsirləri olacaq?

 

Mövzu ilə bağlı Azadinform-a danışan “Spektr” Sosial-İqtisadi Araşdırmalar və İnkişaf Mərkəzinin direktoru, iqtisadçı-ekspert Rəşad Həsənov qeyd edib ki, kənd təsərrüfatı subsidiyaları elmi dairələr, iqtisadçılar, siyasətçilər, sahibkarlar arasında uzun debatlara və müzakirələrə səbəb olan mövzulardan biridir: “Xüsusilə də Ümumdünya Ticarət Təşkilatı (ÜTT) fəaliyyətə başlayandan sonrakı dövrlərdə çoxtərəfli ticarət danışıqlarında bu mövzu ətrafında müzakirələr daha da aktuallaşıb. Kənd təsərrüfatı subsidiyalarının tərəfdarları daha çox bu sahənin ərzaq təhlükəsizliyi baxımından strateji sahə olmasına əsaslanaraq, dövlət tərəfindən dəstəklənməsinin zəruri olduğunu vurğulayırlar. Azad ticarətin tərəfdarları isə yerli fermerlərə, istehsalçılara dövlət tərəfindən verilən subsidiyaların ədalətli rəqabəti pozaraq ölkələr arasında ticarətə mənfi təsir göstərdiyini qeyd edirlər. Həm idxalla rəqabət aparan yerli istehsalçılara, həm də ixracatçılara verilən subsidiyalar onların xarici istehsalçılar qarşısında rəqabət üstünlüyünün yaranmasına səbəb olur ki, bu da ÜTT çərçivəsində formalaşmış müasir çoxtərəfli ticarət sisteminin əsas prinsipləri ilə ziddiyyət təşkil edir. ÜTT hazırda çoxtərəfli ticarət sazişləri əsasında ölkələrarası ticarət münasibətlərinin tənzimlənməsini həyata keçirən qlobal təşkilatdır. Dünyanın 164 ölkəsi ÜTT-nin üzvüdür və qlobal ticarət dövriyyəsinin 95%-i bu ölkələrin payına düşür. ÜTT-yə üzv olmaq istəyən ölkə ilk növbədə, ÜTT-nin hüquqi əsasını təşkil edən çoxtərəfli ticarət sazişlərinə qoşulmalıdır”.

İqtisadçı qeyd edib ki, ölkəmiz 1997-ci ildən ÜTT-yə üzv olmaq istiqamətində danışıqlar aparır: “Bu illər ərzində milli qanunvericiliyin ÜTT-nin tələblərinə uyğunlaşdırılması və digər istiqamətlərdə bir sıra tədbirlər görülsə də, kənd təsərrüfatının subsidiyalaşdırılmasının azaldılması və bank sektorunun liberallaşdırılması ilə bağlı məsələlərdə razılıq əldə edilməyib. Ölkəmizdə məşğul əhalinin 36%-dən çoxu kənd yerlərində məskunlaşmış və müəyyən dərəcədə bu sektorda məşğulluqla təmin edilib. Bundan əlavə əhalinin ərzaq tələbatının ödənilməsində və qida təhlükəsizliyinin təmin olunmasında bu sahə xüsusi əhəmiyyət kəsb edir. Bu baxımdan da dövlət tərəfindən kənd təsərrüfatının inkişafı diqqət mərkəzində saxlanılır. Kənd təsərrüfatının stimullaşdırılması istiqamətində işlər davam etdirilir. Son illər ərzində aqrar sektorda vergilərdən azadolma, müxtəlif növ subsidiyalar, güzəştli texnika, güzəştli kredit, sığorta, güzəştli tariflə suvarma suyunun satışı, tədarük və s. kimi güzəşt və dəstək mexanizmləri tətbiq olunmaqdadır. Texnika parkı əhəmiyyətli dərəcədə yenilənib. Təkcə keçən il 5800 texnika alınıb. Fermerlər torpaq vergisi istisna olmaqla, bütün vergilərdən azad edilib. Gübrə 70 faiz, yanacaq 50 faiz dövlətin hesabına təmin edilir, texnika dövlət tərəfindən alınaraq güzəştli şərtlərlə fermerlərə verilib. İri fermer təsərrüfatlarının və aqroparkların yaradılması istiqamətində də yaxşı nəticələr var. Proqrama görə, ümumiyyətlə 51 aqropark və iri fermer təsərrüfatı yaradılmalıdır. Onlardan 17-si artıq yaradılıb və bu 17 aqroparkın ümumi sahəsi 104 min hektardır. Ümumiyyətlə, bütün aqroparkların əhatə etdiyi sahə təqribən 200 min hektara yaxın olması nəzərdə tutulur. İndi 31 aqroparkın yaradılması üçün 2,2 milyard manat vəsaitin ayrılması nəzərdə tutulur. Bundan əlavə irriqasiya və drenaj infrastrukturunun yaxşılaşdırılması istiqamətində dövlət tərəfindən mühüm tədbirlər görülüb. Ötən illər ərzində Sahibkarlığa Dəstək Milli Fondunun xətti ilə aqrar sektora böyük məbləğlərdə güzəştli kreditlər yönəldilib. Bu güzəştlərə görə, dövlət tərəfindən birbaşa və dolayı yolla böyük məbləğlərdə vəsaitlər xərclənir. Bununla belə, dövlət başçısının da Nazirlər Kabinetinin 2018-ci ilin yekunlarına həsr olunmuş konfransında qeyd etdiyi kimi, verilən dövlət dəstəyi real nəticələrdə öz əksini tapmayıb. O dəstək müqabilində daha da böyük istehsal, daha da inkişaf etmiş kənd təsərrüfatı olmalı idi. Ayrılan subsidiyaların effektivliyi onun kənd təsərrüfatı istehsalının artımına müsbət təsiri, artımı nə dərəcədə stimullaşdırması ilə ölçülür. Baxmaq lazımdır ki, ayrılan əlavə hər 1 manat subsidiya kənd təsərrüfatı istehsalında neçə faiz artıma səbəb olur? Bu sahəyə ayrılan büdcə xərcləri ilə istehsal arasında müsbət korrelyasiya əlaqəsi varmı? Hesablamalar göstərir ki, ötən illər ərzində büdcədən aqrar sektorun inkişafı üçün ayrılan büdcə vəsaitlərin qarşılığında bu sahənin adekvat inkişafına nail olunmayıb. Çünki ötən illərdə subsidiyaların verilməsində böyük pozuntular olub. Bəzi hallarda subsidiyalar ünvana çatmır, bəzi hallarda çox kortəbii şəkildə verilirdi. Dövlət tərəfindən güzəştli şərtlərlə alınması nəzərdə tutulan gübrələr də bir çox hallarda keyfiyyətsiz idi”.

R. Həsənov əlavə edib ki, indi gübrə təminatında dövlət 70 faiz yükü öz üzərinə götürür: “Hazırda elektron kənd təsərrüfatı sisteminin tam işə düşməsi gündəlikdə duran vacib məsələlərdən biridir. Hesab edirəm ki, subsidiyaların verilməsi sisteminin də təkmilləşdirilməsi istiqamətində tədbirlər görülməlidir. İlk növbədə, subsidiyaların verilməsində intizam gücləndirilməli və effektivlik artırılmalıdır. Hökumətin kənd təsərrüfatına dair siyasəti ərzaq təminatının yaxşılaşdırılması və kənd təsərrüfatında rəqabətliliyin gücləndirilməsinə yönəlib. Bununla belə, sektora elə səviyyədə dəstək verilməlidir ki, bu, həm effektiv olsun, həm də ÜTT-yə daxil olmağa imkan yaratsın”.

Tarix: / Foodinfo