GMO-lu məhsulları bazara kim çıxarır? – Ekspertdən açıqlama – VİDEO

Ötən il ölkəmizdə ərzaq təhlükəsizliyinin təmin olunması üçün müvafiq qurum yaradıldı. 

Qida Təhlükəsizliyi Agentliyi (QTA) yaradılarkən ölkəyə ayaq açan təhlükəli ərzaqların qarşısının alınacağı, geni dəyişirilmiş qidalarla mübarizənin kəskinləşəcəyi gözlənilirdi. Amma ötən müddət ərzində agentliyin fəaliyyəti ümidləri doğrultmadı. Məlum oldu ki, QTA öz fəaliyyətini tamam başqa istiqamətdə qurmaq niyyətindədir. Hazırda qurumun fəaliyyəti yalnız ət kəsimi məntəqələri ilə mübarizədə özünü göstərir. Hər halda, görünən budur.

Ekspertlər isə agentliyin ət kəsimi məntəqələrinin ləğv edilməsi ilə bağlı fəaliyyətinin səmərə verməyəcəyini düşünürlər. Hesab olunur ki, Azərbaycanda istehlakçılar kənarda kəsilən və mənşəyi bəlli olmayan ətlərdənsə gözlərinin qarşısında kəsilən ətlərə üstünlük verirlər. Bununla yanaşı, hesab olunur ki, ölkəmizdə qida təhlükəsizliyi ilə bağlı əsas problem ət satışı deyil. Keyfiyyətsiz məhsullar bazar və marketlərə yol açmaqdadır. Bu sırada xüsusilə idxal məhsullarının adı çəkilir. Xaricdən ölkəmizə gətirilən kənd təsərrüfatı məhsullarının görünüşü “göz oxşasa” da keyfiyyəti aşağı səviyyəli olur. Vətəndaşlar geni dəyişdirilmiş məhsulları süfrələrinə gətirməyə, övladlarına yedirtməyə məcbur qalırlar.

Xatırladaq ki, Azərbaycan Respublikasının ərazisinə genetik modifikasiya olunmuş bitkilərin genetik materiallarının gətirilməsi, rayonlaşdırılması və dövlət reyestrinə daxil edilməsi “Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsi ilə qadağan olunub.

İnzibati Xətalar Məcəlləsində edilmiş dəyişikliklərə görə transgen bitkilərin Azərbaycan Respublikasının ərazisinə gətirilməsinə, rayonlaşdırılmasına və dövlət reyestrinə daxil edilməsinə görə cərimələr tətbiq edilir.

Onu da əlavə edək ki, bir sıra dünya ölkələrində GMO-lu ərzaqların satışı qadağan edilib. Bu cür məhsullar 1990-cı ildən bəri etirazlar səbəbindən bir çox Avropa ölkələrində istifadə edilmir. Alimlər hesab edirlər ki, CMO-lu ərzaqlar antibiotikə qarşı davamlı olan, məhv edilə bilməyən bakteriyalar əmələ gətirir. Bu məhsullar tamamilə süni olduğu üçün ətraf mühit və ekosistem üçün də zərərlidir.

Xüsusilə xərçəng xəstəliyinin yayılmasında GMO-lu məhsulların rolunun olması ehtimal olunur. Geni dəyişdirilmiş məhsullar insan orqanizminə toksik, allergik və xərçəng əmələgətirmə kimi xroniki təsirlərə malikdir. GMO-lu yemlərlə bəslənən heyvanlardan əldə olunan süd, yumurta və ət məhsullarının ziyanlı olması laboratoriyalarda da sübut olunub. Çünki GMO-lu yemlər antibiotikə qarşı davamlı olan, məhv edilə bilməyən bakteriyalar əmələ gətirir. Ekspertlər hesab edirlər ki, belə məhsulların üzərində xüsusi etiketlər olmalıdır ki, insanlar onları seçə bilsinlər.
Bununla vətəndaşların sağlamlığını və genefondumuzun gələcəyi üçün təhlükə yaradan bu cür məhsulların bazarlardan təmizlənməsindənsə ölkənin ərzaq təhlükəsizliyində məsul olan qurum yalnız ət kəsimi məntəqələri ilə səmərəsiz mübarizəsini davam etdirir.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov “Cümhuriyət” qəzetinə aıqlamasında bildirib ki, GMO-nun məhdudlaşdırılması ilə bağlı Azərbaycan prezidentinin sərəncamları var:

“10 il bundan öncə “Ekoloji təmiz kənd təsərrüfatları haqqında” qanun qəbul olunub. Həmin qanunla tərkibində GMO olan məhsullar ekoloji təmiz olmayan məhsullar kimi qəbul edilib. “Halal” standartlarında da GMO-nun istifadəsi qadağandır. Bütün bunlara baxmayaraq, ölkəmizdə geni modifikasiya olunmuş məhsullar var, eləcə də bununla bağlı əkinçilik və toxumçuluq var. Qonşu Türkiyədən yalançı sertifikatlarla GMO-lu mallar gətirilir”.

Ekspertin sözlərinə görə, hər hansı kənd təsərrüfatı məhsulunu kəsdikdə onun içərisində çərdək çıxmırsa, bu, artıq onun GMO-lu olmasının göstəricisidir:

“Qışda, yayda, yazda, hər zaman satılan qarpızlar, pomidorlar GMO əlamətlərini özündə daşıyır. 

Mən 3 il öncə Azərbaycanda olan laboratoriyaları yoxlamaq üçün Braziliyadan genetik modifikasiya olunmuş mal gətirdim, onlara anonim qablaşdırma etdim və yoxlanılması üçün 2 laboratoriyaya verdim. Laboratoriyalardan biri GMO-nun olduğunu təsdiqlədi, Dövlət Gömrük Komitəsinin laboratoriyasından isə bu məhsulların içərisində GMO-nun olmadığı bildirildi. Bu, onu göstərir ki, Azərbaycanda laboratoriyalar mükəmməl işləmir”.

Eyyub Hüseynov deyir ki, Qida Təhlükəsizliyi Agentliyinin qarşısında bu məsələlər qoyulub:

“Onlar gərək bunun qarşısını alsınlar. Çox təəssüflər olsun ki, təcrübə göstərir ki, Azərbaycanda GMO-lu məhsulları yaymaq üçün təşəbbüslər var. Hətta bizdə olan məlumatlara görə, müəyyən qurumlar Azərbaycana GMO-nun daxil olmasını qanuniləşdirmək üçün qanun layihəsi hazırlayır. Bu yolverilməzdir və düşünürəm ki, insanların həyatında mənfi izini qoyacaq”.

Xatirə Nəsirova
Cebhe.info

Tarix: / Foodinfo