AQTA-da beynəlxalq ekspertlə görüş keçirilib

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyində Sanitar və Fitosanitar Sorğu Mərkəzi üzrə beynəlxalq ekspert Colm Halloran ilə görüş keçirilib. Görüş Ümumdünya Ticarət Təşkilatına (ÜTT) üzvlüklə bağlı danışıqlarda “Dəstək və potensialın gücləndirilməsi” layihəsi çərçivəsində həyata keçirilib.Görüşün əsas müzakirə mövzusu Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunda “Sanitar və Fitosanitar Sorğu və Bildiriş Mərkəzi”nin təsis edilməsi ilə bağlı olub.

Agentliyin sədrinin müşaviri Elxan Mikayılov sorğu və bildiriş mərkəzinin qida təhlükəsizliyi üzrə hazırlanan yeni qanun layihəsində nəzərdə tutulduğunu bildirib. Qeyd edib ki, adıçəkilən sorğu və bildiriş mərkəzi vasitəsilə qida təhlükəsizliyi, baytarlıq və fitosanitar normaları Azərbaycanın ticarət tərəfdaşlarına göndəriləcək, eyni zamanda, ölkəmizin ticarətində mühüm rol oynayan məlumatlar tərəfdaş ölkələrdən asanlıqla əldə olunacaq.

Sanitar və Fitosanitar Sorğu Mərkəzi üzrə beynəlxlaq ekspert Colm Halloran vurğulayıb ki, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunda “SFS Sorğu Mərkəzinin” təsis edilməsi ölkəmizin beynəlxalq səviyyədə ÜTT-ə üzv ölkələrlə sıx əlaqə yaratması və beynəlxalq ticarətdə bir çox maneələrin aradan qaldırılmasında mühüm rol oynayacaq.

Sonda ekspert “SFS Sorğu Mərkəzi”nin iş prinsipi ilə bağlı Agentliyin əməkdaşlarının suallarını cavablandırıb.

Tarix: / Foodinfo