Ötən il Lənkəranda çəltik sahələri 300 hektar artıb

Lənkəran şəhərindəki Heydər Əliyev Mərkəzində keçirilən şəhər icra hakimiyyəti başçısı yanında şuranın geniş iclasında ötən ilin sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr müzakirə edilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad edib, Heydər Əliyev Mərkəzinin foyesində rayonda istehsal olunmuş kənd təsərrüfatı və sənaye məhsullarının sərgisi ilə tanış olublar.

İclasda hesabat məruzəsi ilə çıxış edən şəhər icra hakimiyyətinin başçısı Taleh Qaraşov bildirib ki, 2018-ci ildə ölkəmizin hər yerində olduğu kimi, Lənkəran rayonunda da sosial-iqtisadi inkişaf uğurla davam edib.

Qeyd olunub ki, dövlətimizin başçısının açılışında iştirak etdiyi Lənkəran Olimpiya İdman Kompleksi, xalça fabriki, Hirkan-Daşdatük-Biləsər avtomobil yolu, baxış keçirdiyi Lənkəran İstisu Sağlamlıq Mərkəzi, yeni istifadəyə verilmiş Qida Təhlükəsizliyi Agentliyinin Lənkəran Regional Sınaq Laboratoriyası, Lənkəran Dövlət Aqrar İnkişaf Mərkəzi, “Lənkəran-2” Elektrik Yarımstansiyası ötən 15 ildə rayonun sürətlə artan iqtisadi potensialına növbəti töhfələr olub.

Keçən il rayonda ümumi məhsul buraxılışı 1,1 faiz artaraq 450,9 milyon manata çatıb. Əvvəlki ilə nisbətən 2,6 faiz çox sənaye məhsulu istehsal olunub. Sənayedə çalışanların orta aylıq əmək haqqı isə 306 manat təşkil edib.

Bu dövrdə rayonda tikinti-quraşdırma işlərinə 129,8 milyon manat investisiya qoyulub. Əhalinin şəxsi vəsaiti hesabına ümumi sahəsi 31,4 min kvadratmetr olan yeni yaşayış evləri tikilib istifadəyə verilib. Ötən il rayonda, ümumilikdə, 3360 yeni iş yeri açılıb. Bunun 2754-ü daimidir.

Məruzədə, həmçinin rayonun yaşayış məntəqələrinin qazlaşdırılması, elektik təsərrüfatının müasirləşdirilməsi, yeni su xəttlərinin çəkilməsi istiqamətində görülən işlərdən də danışılıb.

Ötən il rayonda aqrar sahədə də işlərin uğurla davam etdiyini vurğulayan T.Qaraşov bu dövrdə 105,1 milyon manatlıq kənd təsərrüfatı məhsullarının istehsal olunduğunu, çəltikçiliyin inkişafına göstərilən dövlət qayğısının torpaq sahiblərində bu sahəyə marağı artırdığını bildirib.

Diqqətə çatdırılıb ki, ötən il 826 hektarda çəltik əkilib. Bu, əvvəlki illə müqayisədə 300 hektar çoxdur. 2019-cu ildə çəltik sahələrinin genişləndirilərək 1000 hektara çatdırılması nəzərdə tutulub. İstehsal olunan məhsulun emalı üçün müasir tipli üçüncü çəltik zavodu istifadəyə verilib. Separadi kəndində sitrus bağlarının salınması, Osakücə kəndində çay plantasiyasının genişləndirilməsi əlavə iş yerlərinin də açılmasına səbəb olub.

Məruzədə ənənəvi təsərrüfat sahələrinin dirçəldilməsi ilə bağlı Azərbaycan Prezidentinin qarşıya qoyduğu vəzifələrin icrası ilə əlaqədar ötən ildən başlayaraq uzun fasilədən sonra ilk dəfə olaraq rayonda barama istehsalına başlanıldığı və 3,7 ton yüksək keyfiyyətli barama istehsal edildiyi vurğulanıb.

Sonra çıxış edənlər ötən il rayonda əldə olunmuş uğurlardan danışıblar.

Şura iclasında müzakirə olunan məsələ ilə əlaqədar müvafiq qərar qəbul olunub və Prezident İlham Əliyevə müraciət ünvanlanıb.

İclasda Prezident Administrasiyasının məsul işçisi Dəyanət Abdullayev, Milli Məclisin deputatları Hadı Rəcəbli və Rüfət Quliyev iştirak ediblər.

Tarix: / Foodinfo