AQTA sədri restoranlara və şadlıq evlərinə xəbərdarlıq etdi

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli ictimai iaşə müəssisələri sahəsində fəaliyyət göstərən sahibkarlara müraciət edib.

O, ötən ilin yekunlarına həsr olunan mətbuat konfransında insanların kütləvi şəkildə qidalandığı belə yerlərdə sahibkarları daha diqqətli olmağa çağırıb.

Q.Təhməzli bildirib ki, qeyri-qanuni məşğulluq məsələsi əsas problemdir: “Həmin yerlərdə çalışan insanların tibbi müayinədən keçirilməsi bizim məqsədimizdir. Bir çox hallarda insanlar arasında xəstəliyin yayılması həmin ictimai iaşə obyektlərində çalışanların tibbi müayinədən keçmədən qida məhsullarının hazırlanması nəticəsində meydana çıxır”.

AQTA sədri deyib ki, bu istiqamətdə mövcud olan problemlərin aradan qaldırılması üçün müvafiq qurumlarla birgə tədbirlər həyata keçirilir: “Bir çox hallarda təsadüfi şəxslər şadlıq evlərində xidmətçi (ofisiant) qismində qeyri-qanuni şəkildə işə götürülür və bu da insanların sağlamlığı üçün ciddi təhlükədir. Ona görə də həmin şəxslər mütləq şəkildə tibbi müayinədən keçməlidirlər. Araşdırmalarımız nəticəsində həm də kustar şəkildə hazırlanan spirtli içkilərin bahalı şüşələrə yığılıb istehlakçı şirkətə baha qiymətə satıldığı məlum olur. Həmin içkilər də ictimai iaşə müəssisələrinə satılaraq insanların sağlamlığına zərər vurur”.

 

Report.az

Tarix: / Foodinfo