Ərşad Əzimzadədən faydalı məsləhətlər

Tanınmış loğman, “Ana Təbiət” Natural Gigiyena mərkəzinin rəhbəri, yazıçı-jurnalist Ərşad Əzimzadə qidalanma ilə bağlı vacib tövsiyələrini paylaşıb. Foodinfo.az onun sağlamlığı qorumaq baxımından gərəkli məsləhətlərini təqdim edir.

“Bütün fəsadların yuvası mədədir,
Bütün dərdlərin çarəsi – pəhriz”.
Məhəmməd peyğəmbər

Qidaların düzülüş qaydası

Müasir həkimlər məlum səbəblərə görə xəstələrə anlatmaq istəmirlər ki, qida təkcə enerji mənbəi deyil, həm də güclü bəla mənbəyidir. Hər şey qidalanma mədəniyyətindən asılıdır. Eyni qidanı elə yeyərsən – şəfa verər, elə yeyərsən – bəla gətirər. Sağlam olmaq və uzun ömr sürmək istəyən hər kəs 3 vacib sualın düzgün cavabını bilməlidir: nə yemək, nə qədər yemək və necə yemək?

İnsanların böyük əksəriyyəti bu sualların cavabını bilmir, bilənlər də özündə iradə tapıb o qaydalara əməl etmir. Qidalanma prosesində əksər insanlar yalnız bir məsələ barədə düşünür – qida dadlı və ləzzətli olsun. Bu yanlış yanaşma gətirib ona çıxardır ki, insanlar Ana Təbiətin bizə bəxş etdiyi şəfalı ruzini “öldürüb” (bişirib, hisdə qurudub, duza, şəkərə, sirkəyə qoyub, rafinləşdirib), onun tərkibindəki canlı vitaminləri, üzvi duzları, yağları, şəkəri, turşunu və digər faydalı elementləri məhv edib, yalnız bundan sonra qəbul edirlər. Bu səbəbdən orqanizm tələb olunan vacib elementləri tam şəkildə ala bilmir, sağlamlığın keşikçiləri – hüceyrələr ac qalır, öz xidməti borcunu düzgün yerinə yetirə bilmir. Beləliklə də, immun sistemi zəyifləyir, orqanizm virus daşıyıcalarına qarşı müqavimət göstərə bilmir. Və biz ağır xəstələnirik.

İnsanın qidalanma prosesində buraxdığı ikinci səhv ondan ibarətdir ki, biz yemək vaxtı, bir qayda olaraq, bir-biri ilə uzlaşmayan (yola getməyən) qidaları qarışdırırıq. Elmə çoxdan bəllidir ki, bir qrup qidanın həzm olunması üçün turşu tələb olunur, o qrupun həzmi üçün qələvi. Orqanizm onların ikisini də bir vaxtda ayıra bilmir. Biz isə eyni vaxtda həm turşu tələb edən qida qəbul edirik, həm də qələvi tələb edən qida. Nəticədə – qida çürüyüb şlaka (zir-zibil) çevrilir. Şlak isə mikrobların və bakteriyaların sevimli qidası, bizi qoruyan hüceyrələrin düşmənidir – onları zəhərləyir və kütləvi şəkildə qırır. Düzgün qidalanmayan adamın bədənində şlak bol olduğu üçün, virus daşıyıcıları yaxşı qidalanır, sürətlə artıb-törəyir, güclənir və sağlamlıq keşikçilərinə – hüceyrələrə qalib gəlir. Buna görə də ağır xəstəliklər, o cümlədən, xərçəng xəstəliyi törəyir, xəstələr sağala bilmir, kəskin xəstəlik xroniki xəstəliyə çevrilir.

Bəşəriyyətin ən böyük faciəsi ondan ibarətdir ki, insanlar xəstəliklərə qidalanma mədəniyyətinin aşağı olmasının labüd nəticəsi kimi deyil, normal hal kimi baxır – “insan xəstələnər dəə”. Xeyr, ağıllı insan xəstələnməməlidir! Hansı ailədə adamlar tez-tez xəstələnirsə, bilin ki, o ailədə qidalanma mədəniyyəti çox aşağı səviyədədir. Belə ailəni ağıl və zəka deyil, pinti gödən və nəfs idarə edir. Nəfsin və mədənin müti qulu olan belə ailə, varı-dövləti başından aşsa belə, xoşbəxt ola bilmir. Çünki xoşbəxtlik yalnız sağlamlıq təməli üzərində qərar tuta bilir. Sağlamlıq yoxdursa – xoşbəxtlik də yoxdur!..

Qayıdaq 3 sualın üstünə.

Nə yemək? Qida rasionunun ən azı 70 faizini canlı qida – çiy su, çiy meyvə-tərəvəz, tumlar, çiçəklər, zoğlar və bal təşkil etməlidir. Yalnız bu halda orqanizm tələb olunan elementləri kompleks şəkildə ala bilir və bədəndə şlak yığılıb qalmır.

Nə qədər yemək? Bu məsələdə boy-buxun, çəki və şəxsin fəaliyyət növü nəzərə alınmalıdır. Gövdəli adamlar və ağır fiziki iş görənlər – daha çox zülal qəbul etməlidir. Zehni iş görənlərin süfrəsində karbohidratlar çox olmalıdır. Bütün hallarda onu nəzərə almaq lazımdır ki, qida yalnız yananda enerjiyə çevrilir və fayda verir, yanmayan qida fəsad törədir. Daxil olan qida çıxan enerjiyə bərabər olmalıdır. Əks halda – xəstəlik qaçılmaz olur. Qarınqulu adamların tez-tez xəstələnməsini – daxil olan enerjinin (qidanın) çıxan enrjidən qat-qat artıq olması ilə izah etmək lazımdır.

Necə yemək? Çox vacib məsələdir. Qidalar aşağıdakı qaydada düzüləndə – həzmolma və mənimsənilmə prosesi normal gedir. Öncə 1-2 stəkan çiy su içmək, 15 dəqiqədən sonra bir növ meyvə yemək və yaxud meyvə şirəsi içmək, 30 dəqiqədən sonra bir qab tərəvəz salatı ilə bir növ xörəyi çörəksiz yemək. Üstündən 2-3 saat keçəndən sonra çay və ya su içmək olar. Çörəyi ayrıca (özü də boyat şəkildə) tərəvəz salatı ilə yemək olar. Çörəyə 20 qr. kərə yağı yaxmaq fəsad vermir.

Bu şərtlərə əməl edən hər kəs – xəstəlik törədən mikrobların və bakteriyaların qarşısına güclü sədd çəkmiş olur, uzun illər sağlam və gümrah yaşaya bilir. Belə rejim xəstələrə daha çox lazımdır.

Ərşad ƏZİMZADƏ – “Ana Təbiət” Natural 
Gigiyena Mərkəzinin rəhbəri, yazıçı-jurnalist.

 

Tarix: / Foodinfo