AQTA 30-a yaxın əməkdaşı təlimlərə cəlb edəcək

“Ölkəmizdə həyata keçirilən  islahatlar ərzaq və qida təhlükəsizliyi sektorundan da yan keçməyib”. Bu fikri Qida Təhlükəsizliyi Agentliyinin  sədri Qoşqar Təhməzli deyib.

Q.Təhməzli bildirib ki, bu sahədə əsas məqsəd əhalinin sağlam qida ilə təmin olunması, eləcə də ölkədə məhsuldarlığın artırılması və ixrac potensialının gücləndirilməsidir.

“Ötən ilin aprel ayından başlayaraq AQTA qida təhlükəsizliyi sektorunda heyvandarlıq və bitkiçilik sahələrində sanitar nəzarəti həyata keçirir. Bu il həm qida təhlükəsizliyi sahəsində, həm də institusional islahatların həyata keçirilməsi üçün hüquqi bazaya dair bir sıra təlim proqramlarının həyata keçirilməsi planlaşdırılır. Yanvarın sonundan etibarən FAO-nun dəstəyi ilə yerli mütəxəssislər üçün ixtisasartırma üzrə qısamüddətli təlim proqramları keçiriləcək. Qida Təhlükəsizliyi İnstitutunun 30-a yaxın əməkdaşı təlimlərə cəlb olunacaq”-deyə, Q.Təhməzli vurğulayıb.

Tarix: / Foodinfo