İslamda halal və haram qidalar

İnsan yaradılışın əşrəfidir. Yaradan insanı böyük hədəflər üçün yaradıb. O, həm Yaradanın yanında əziz olmalı, həm də əbədi məkan sayılan axirət aləminin səadət mənzili olan cənnətdə məskunlaşmalıdı. Dünya axirətin keçid yeridir, insan bir müddət bu həyatda yaşamalıdır. O, ruh və cisimdən ibarət olduğu üçün dünyada yaşadığı müddətdə həm ruhunu, həm də cismini qidalandırmalıdır. Ruhun qidası ibadət olduğu halda, cismin qidası dünyanın yeməli, içməli nemətləridir. Deməli aqil olan insan həm ruhunun qidasına, həm də cisminin qidasına həssas olmalıdır. Çünki bunlardan biri lazım olduğu kimi qidalanmazsa, insan o ali hədəfə çata bilməyəcək.

Varlıq aləminin yaradanı olan Allah hikmət sahibi olduğundan, Onun bütün işlərində, əmr və qadağalarında məsləhət, hikmət vardır. O, heç bir şeyi əbəs yaratmayıb və heç bir hökmündə bihudəlik tapılmaz. Quranda buyurur ki: ” Ey iman gətirənlər! Sizə ruzi edilmiş pak nemətlərdən yeyin, əgər ona pərəstiş edənsinizsə, Allaha şükr edin.” (Bəqərə 172)

Yuxarıdakı ayədən göründüyü kimi insanı yaradan və onun məsləhətin bilən Allah, insanlara ancaq “pak ruzilərdən” yeməyə icazə verir. Nəzərə alsaq ki, Allah insanın, eləcə də digər canlı və cansız varlıqların Yaradanıdır, onların necəliyini yaxşı bilir, həmçinin insanın Yaradanı olmaqla bərabər, həm də onun Rəbbidir, onda yəqin deyə bilərik ki, Onun bizə bütün əmr etdiklərində xeyir, qadağan etdiklərində isə zərər vardır. Başqa ayədə isə bəndələrinə bəzi haramları bəyan edir:

” Allah sizə ancaq ölü heyvanı , qanı, donuz ətini və (kəsən zaman başı üzərində ) Allahdan qeyrisinin adı çəkiləni haram etmişdir.”(Nəhl 115)

Təbii ki insanın qidaya ehtiyacı var. Ancaq onun məsləhətin istəyən Rəbbi insanın sağlamlığını, rifahını və rahatçılığını təmin edən qidaları ona icazə verir, ondan qeyrilərini isə qadağan edir. Ayədə də buyurulduğu kimi donuz ətini, ölü heyvanı, qanı və Allahın adı çəkilmədən kəsilən heyvanı yeməyi bəndələrinə haram etmişdir. Əlbəttə islam təlimlərində şəriətdə icazə verilməyən qidaların bəzilərinin qadağan olmasının səbəbləri açıqlanmışdır. Tədricən isə elm və texnikanın inkişafı açıqlanılan hökmləri təsdiqləmişdir. Hətta deyilməmiş səbəbləri də kəşf etməklə, əksər haramların hikməti hər kəsə aydın olmuşdur.

Başqa bir ayədə isə digər haramlar qeyd olunmuşdur: “Ey iman gətirənlər, həqiqətən şərab, qumar və asılmış bütlər(ə ibadət etmək,onlar üçün qurban kəsmək və həmin qurbanın ətindən yemək) və qumardakı püşk oxları nəcis və murdardır və şeytanın ixtiralarındandır. Buna görə də onlardan çəkinin, bəlkə nicat tapasınız.”(Maidə 90) Bu ayədə şərab və digərlərinin şeytanın ixtiraları olduğunu, bununla da insanı düz yoldan sapdırmaq niyyətini insanlara bəyan edir. Ayənin sonunda isə onlardan çəkinməyi insanların nicatı kimi vurğulayır . Başqa bir ayədə isə şərab və qumara vəsvəsə edən şeytanın digər hiylə və niyyətini açır və onun ziyanlarından danışır: “Həqiqətən şeytan şərab və qumarla (sizi onlara aludə edib onların düşkünü etməklə ) aranızda düşmənçilik və kin salmaq və sizi Allahın zikrindən və namazdan saxlamaq istəyir. Belə isə, əl çəkəcəksizinizmi? Allaha itaət edin, Onun peyğəmbərinə tabe olun və (onunla müxalifət etməkdən ) çəkinin.”(Maidə 91,92)

Ancaq bir məsələyə də diqqət olunmalıdır ki, bəzi hökmlərin, qadağaların hikməti müəyyən səbəblərdən islam təlimlərində deyilməyə də bilər .Ona görə də, hər bir müsəlmana- Yaradanın rəbb, hikmətli, alim və bəndələrinə mehriban və onların məsləhətin bilən olmasına iman gətirmiş şəxsə vacibdir ki, hikmətini, ziyan və xeyrini bilsə də , bilməsə də, Onun əmrlərinə tabe olaraq , şəriətdə buyurulduğu pak nemətlərdən qidalansın, halal olmayanlardan çəkinsin. Belə ki, bəzi ayələrdə Allah-təala özü, iman gətirmişlərdən Onun buyurduğu halal-haramlara riayət etməyənlərini qınayır: “Sizə nə olmuşdur ki, (kəsilərkən başı ) üzərində Allahın adı çəkilən şeylərdən yemirsiz, halbuki, O, sizə haram etdiklərini -zərurət halında yeməyə məcbur olduğunuz şey istisna olmaqla – bütün təfsilatı ilə bəyan etmişdir.” (Ənam 119)

Quranda bəzi yerlərdə isə bu haramlardan çəkinməməyi birbaşa itaətsizlik adlandırır: “(Kəsilərkən başı) üzərində Allahın adı çəkilməmiş (və murdar olmuş) şeydən yeməyin ki, onu yemək əlbəttə,(Allaha qarşı ) itaətsizlikdir. (Ənam 121)

Həmçinin, onu da bilmək lazimdır ki , islam rəhbərlərinin hədislərində pak və qeyri pak qidaların birbaşa insanın ruhuna da təsir qoyduğu vurğulanır. Pak olmayan qidanın ruha olan təsiri isə, cismə olan təsirindən daha çoxdur. Nəzərə alsaq ki, insanın kamilliyi onun ruhuna bağlıdır, onda cismindən çox ruha olan ziyanlarına daha çox diqqət etməliyik. Bununla da Allahın adı çəkilmədən, üzü qibləyə olmadan kəsilən heyvanların yeyilməsinin qadağan olmasının zahiri də olsa, hikməti aydınlaşır. Bu mətləbə Allah-təala Quranda incə olaraq belə toxunur: “Ey insanlar! Yer üzündəki halal və pak şeylərdən yeyin və şeytanın addımlarına tabe olmayın! Həqiqətən o sizin aşkar düşməninizdi.” (Bəqərə 168)

Bəndələrinə mehriban olan Allah bu ayədə insanlara həm halal, həm də pak şeylərdən yeməyi əmr edir. Bunlardan qeyrisindən istifadəni, qidalanmanı isə “şeytanın addımları” adlandıraraq ona tabe olmamağa çağırır. Çünki insanın yaranmasından onun düşməni olan şeytan, insanı əbədi bədbəxt etmək üçün ən güclü hiylələrdən istifadə edir. Deməli şeytanın vəsvəsə etdiyi, Allahın isə bizi bu məsələdən xəbərdar etdiyi mövzu qeyri ciddi ola bilməz. Əlbəttə tarixdə də halallığa önəm verməyənlərin aqibəti indi də hər kəsə bəllidi.

Mənbə: feat.az

 

Tarix: / Foodinfo