287 hektar yeni meşə və meyvə bağları salınıb

2018-ci ildə Ağcabədi və Beyləqan rayonları ərazilərində 287 hektar yeni meşə və meyvə bağları salınıb.
Ağcabədi Regional Meşə Təsərrüfatı Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, 17,5 hektarda salınan meşələrə 57 min 750 ədəd göyrüş, qarağac, şam, sərv ağacı, 269,5 hektar meyvə bağında isə 134 min 750 ədəd ərik, nar, tut, xurma ağacı əkilib.
Kökləndirmək üçün 9,95 hektar sahədə 575 min ədəd nar, zeytun, söyüd və qovaq qələmi basdırılıb, 3 hektarda (120 min ədəd) tuya, şam, sərv, tut ağaclarından ibarət böyütmə sahəsi yaradılıb. Baramaçılığın inkişafı məqsədilə müxtəlif rayonların ərazisində əkilmək üçün 90 min ədəd tut tingi verilib. Ting yetişdirilməsi üçün 4,1 hektarda tut, ərik, şaftalı, alça, xurma, gavalı, iydə toxumları səpilib.
Yeni meşələrin və meyvə bağlarının salınması 2019-cu ildə də davam etdiriləcək.