Qida Təhlükəsizliyi Agentliyində ictimai müzakirə aparılıb

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 10 fevral tarixli “Azərbaycan Respublikasında qida təhlükəsizliyi sisteminin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanından irəli gələn “Qida təhlükəsizliyi haqqında” Qanunun və “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin olunmasına dair 2018–2025-ci illər üzrə Dövlət Proqramı” layihələrinin hazırlanması ilə əlaqədar aparılan iş başa çatıb.

Agentlikdən Foodinfo.az-a verilən məlumata görə, beynəlxalq ekspertlərlə birgə hazırlanan “Qida təhlükəsizliyi haqqında” Qanun və dövlət proqramı layihəsində qida təhlükəsizliyi sisteminin beynəlxalq tələblərə uyğunlaşdırılması, əhalinin sağlam qida ilə təmin edilməsi, sahibkarların məhsul ixracının asanlaşdırılması və qida sahəsində fəaliyyət göstərən sahibkarlar üçün əlverişli biznes mühitinin yaradılması əksini tapıb. Hər iki sənəd layihəsi aidiyyəti dövlət orqanlarına göndərilib, rəy və təkliflər nəzərə alınaraq təkmilləşdirilib.
“Qida təhlükəsizliyi” haqqında Qanun və dövlət proqramı layihəsinin aidiyyəti qurumlar ilə razılaşdırılmış redaksiyasının sahibkarların mövqeyinin dinlənilməsi, sahibkar-dövlət dialoqunun genişləndirilməsi, sahibkarları narahat edən məsələlərin həll edilməsi məqsədilə Qida Təhlükəsizliyi Agentliyi və Azərbaycanda Amerika Ticarət Palatası tərəfindən ictimai müzakirəsi aparılıb.
Müzakirələr zamanı Qida Təhlükəsizliyi Agentliyi sədrinin müşaviri Elxan Mikayılov beynəlxalq təcrübəyə uyğun hazırlanan qanun və dövlət proqramı layihələrinin təqdimatını həyata keçirib.
Daha sonra sahibkarların rəy və təklifləri dinlənilib.

Tarix: / Foodinfo