İnam Kərimov: “Fermerlər daha çox gəlir əldə edəcəklər”

“Bu ilin 10 ayı ərzində qeyri-neft məhsullarının ixrac həcmi ötən illə müqayisədə 38,3% artıb. Bu artımda aqrar sektorun payı böyükdür”.
Bunu kənd təsərrüfatı naziri İnam Kərimov “Yaşıl Dəhliz” buraxılış sisteminin tətbiqi ilə bağlı keçirilən forumda deyib.

Nazirin sözlərinə görə, “Yaşıl dəhliz”dən daimi istifadə hüququ aqrar məhsulların ixracını daha da asanlaşdıracaq: “Bu günlərdə ölkədə ərzaq təhlükəsizliyinin daha da yaxşılaşdırılması baxımından mühüm fərmanlar imzalanıb. Fərmanlar aqrar kredit və güzəştləri fermerlər üçün daha əlçatan edib. İqtisadi inkişafı dəstəkləyən sənədlərdən biri də xarici ticarət iştirakçılarına “Yaşıl dəhliz”dən daimi istifadə hüququ verən fərmandır. Bu fərmanın fermerlər üçün müstəsna əhəmiyyəti var. Yeni qaydalar xarici ticarətin iştirakçılarına, o cümlədən fermerlərə “Yaşıl dəhliz”dən daimi istifadə hüququ verir”.

İ. Kərimov vurğulayıb ki, yeni qaydalar xarici bazarlarda Azərbaycanın kənd təsərrüfatı məhsullarının rəqabət qabiliyyətini artıracaq: “Sürətli keçid imkanlarının verilməsi nəticəsində ticarət asanlaşacaq, xarici bazarlarda yaranmış fürsətlər daha çevik dəyərləndiriləcək. Nəticədə fermerlər daha çox gəlir əldə edəcəklər, onların sosial rifah halı daha da yaxşılaşacaq. Xarici ticarət iştirakçılarına “Yaşıl dəhliz”dən daimi istifadə hüququnun verilməsi ölkənin ixrac potensialını daha da artıracaq. Bildiyiniz kimi Azərbaycandan ixrac olunan məhsulların həcmi və coğrafiyası daha da genişlənib”.

Azvision.az

Tarix: / Foodinfo