Taxılçılıq – qida təhlükəsizliyi strategiyasında…

Böyük Azərbaycan şairi Səməd Vurğunun çörək haqqında gözəl bir misrası var: “Çörək bol olarsa, basılmaz Vətən”…
Həqiqətin yığcam şəkildə ifadəsindən ibarət olan bu misra taxılçılığın toplum həyatında nə dərəcədə əhəmiyyət kəsb etdiyini göstərir. Doğrudan da, qida təhlükəsizliyini həll etməyən heç bir toplum girdiyi müharibələrdən salamat çıxa bilməz. Qidanın milli müdafiə strategiyasında oynadığı bu əvəzedilməz rolunun nəticəsidir ki, qədim zamanlarda alınmaz qalaları mühasirəyə alan sərkərdələr düşmən tərəfi aylarla çörək imtahana çəkir və sonunda məğlub etməyi bacarırdılar.

Bir ölkənin iqtisadi inkişafı, rifahı da eyni şəkildə incə düşünülmüş qida siyasətilə bağlıdır. Öz həlledici qida məhsullarını təmin edəcək şəkildə qurulmuş ərzaq strategiyaları yalnız bir dövləti ayaq üstündə saxlaya, onu gələcəyə daşıya bilər. Bu mənada ölkə başçımız cənab İlham Əliyevin gördüyü işlər, atdığı addımlar təqdirə layiqdir. O, demək olar ki, hakimiyyətinin ilk illərindən indiyədək keçirdiyi bütün görüşlərdə, konfranslarda qida təhlükəsizliyi problemini gündəmə gətirmiş, siyasi quruculuq fəaliyyətinə bu strateji hədəflərin infrastrukturunu yaratmağa və bu infrasturktur üzərində ciddi aqrar təsərrüfatlar qurmağa çalışmışdır.

Ölkə başçısının bu il avqust ayının 4-də Qax zəhmətkeşlərilə görüşündə dilə gətirdiyi aşağıdakı fikirlər də iddiamızı təsdiqləyir: “Yaşlı nəslin nümayəndələri yaxşı bilirlər ki, sovet vaxtında Azərbaycan özünü ətlə, yağla, südlə, toyuq əti ilə təmin edə bilmirdi, bu məhsullar başqa respublikalardan gəlirdi. Biz isə öz növbəmizdə pambıq, üzüm, meyvə, tərəvəz, tütün, fındıq istehsal edib, başqa respublikalara göndərirdik. Ancaq müstəqillik dövründə ərzaq təhlükəsizliyi məsələləri ön plana çıxdı. Ona görə, biz əsas diqqəti bu sahəyə yönəltdik. Bunun nəticəsində bu gün taxılçılıqda böyük inkişaf var. Düzdür, bu, hələ ki, bizi tam qane edə bilməz, biz özümüzü hələ tam təmin etmirik, ancaq inkişaf var. Ət istehsalı Azərbaycanın tələbatını demək olar ki, ödəyir. Növbəti illərdə görüləcək tədbirlər nəticəsində biz hətta böyük ixrac potensialına da malik olacağıq. Biz özümüzü toyuq əti ilə 100 faiz, süd və süd məmulatları ilə təqribən 80 faiz səviyyəsində təmin edirik”.

Cənab Prezidentin sözlərindən də aydın olur ki, onun qida təhlükəsizliyi strategiyasında əsas sahələrindən birini də taxılçılıq sektoru tutub. Xüsusilə son illərdə aparılan ardıcıl aqro-siyasətlər nəticəsində Azərbaycan öz illik istehlakına yaxın taxıl məhsulları istehsal etməyə başlayıb.

Statistik məlumatlara görə, Azərbaycanın son 3 ildəki taxıl istehlakı sabit qalır və bu, hardasa, 4.3 milyon tona yaxındır. Ötən illərdən fərqli olaraq, Azərbaycan fermerləri bu il taxıl istehsalını 30%-dən çox artıraraq (ötən il 1 milyon 800 min ton) 3 milyon tona yaxınlaşdırıblar. 9 avqust 2018-ci il tarixinə olan məlumata əsasən, respublikada 1010.3 min hektar sahədə taxıl biçini aparılıb. Biçilən sahələrin 674.2 min hektarı buğda, 336.2 min hektarı arpa sahəsidir.

Bu uğurun səbəbi, məhsuldarlıqla bağlıdır. Məlumata görə, bu il buğdanın məhsuldarlığı 30.2 s/ha, arpanın məhsuldarlığı isə 27.9 s/ha olub. Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin açıqlamalarına görə, biçin başlanandan 9 avqust 2018-ci il tarixinə qədər ümumi taxıl istehsalımız 2 milyon 977 033 ton təşkil edib. Nəzərə alsaq ki, 9 avqusta qədər arpa biçini 99.8 faiz, buğda biçini 99.4 faiz yerinə yetirilmişdi, bu il orta hesabla 3 milyon ton taxıl istehsal etdiyimizi görə bilərik.

İllik istehsal 3 milyon, istehlak isə 4.3 milyon ton – bu rəqəmləri qarşılaşdırsaq, ortaya belə bir nəticə çıxır: Azərbaycan bu il öz illik istehlakının 80%-ə qədərinə yaxınını yerli təsərrüfatların hesabına təmin edib. Yerdə qalan 20%-lik hissəni isə idxal edəcəyik. Əlbəttə, özü-özünə yetəcək istehsal fəlsəfəsinə söykənən ərzaq təhlükəsizliyi strategiyası baxımından 20%-lik kəsir yeri doldurulacaq miqdar olsa da, kiçik görüləcək rəqəm də deyil. Əvvəla, ona görə ki, KTN-nin hsablamalarına görə, ölkəmiz indiki potensialı ilə belə, sadəcə müəyyən aqro-texniki islahatlar aparmaqla məhsuldarlığı yüksəldə və özünün istehlak tələbatını tam ödəyəcək səviyyəyə çıxarda bilərdi: “Hesablamalar göstərir ki, yalnız məhsuldarlığın yüksəldilməsi hesabına illik taxıl istehsalını 2.8-3.0 milyon tona çatdırmaq üçün real imkanlar vardır. Bunun üçün əkin sahəsini 700-800 min hektar ətrafında saxlamaqla məhsuldarlığı hektarda 4.0-4.5 tona çatdırmaq kifayətdir. Taxıl istehsalının artırılmasının əsas yolları fermerlərin təlabatına uyğun qısa rotasiyalı əkin dövriyyələrinin, torpaq becərmələrinin və gübrə verilməsinin səmərəli üsullarının, optimal səpin müddəti və normalarının, yeni intensiv sortların təsərrüfatlara tətbiqindən, keyfiyyətli toxum materialından istifadə edilməsindən və əkinlərin xəstəlik, ziyanverici və alaqlardan mühafizə olunmasından ibarətdir”.

Açıqlamadan da göründüyü kimi, KTN bəzi aqro-texniki tədbirlər nəticəsində məhsuldarlığı 4-4.5 tona yüksəltməyin mümkünlüyündən bəhs edir. Bəs, oz zaman niyə əkin sahələrini 700-800 min hektara azaltmaq təklif olunur, anlamaq mümkün deyil. Axı, Azərbaycanın illik istehlakı 3 milyon yox, 4.3 milyon tondur. Taxıl əkilən sahələr isə bu il 1010.3 min hektar olub. Deməli, KTN-nın təklif etdiyi metodlarla məhsuldarlığı hər hektarda orta hesabla 4-4.5 tona qaldırmaq mümkündürsə, məntiqlə, illik istehlakımız qədər taxıl istehsal edər və Cənab Prezidentimizin qarşıya qoyduğu tələbatımızın yerli imkanlarla 100% təminatı hədəfini də reallaşdıra bilərdik.

Yerli imkanlar sayəsində illik taxıl tələbatının 100%-lik təminatı həm də ona görə vacibdir ki, dünya bu sahədə getdikcə böhrana doğru sürüklənir. Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO), Dünya Qida Proqramı (WFP), BMT Uşaq Fondu (UNICEF), Dünya Sağlamlıq Təşkilatı (ÜST) və Beynəlxalq Kənd Təsərrüfatı İnkişafı Fondu (IFAD) tərəfindən bu il hazırlanan “Dünyada Ərzaq Təhlükəsizliyi və Qidalanma” hesabatına görə, bu il aclıq həddindən aşağı vəziyyətdə yaşayan insanların sayı 821 milyona yaxınlaşıb. Bu da azmış kimi, əkinə yararlı torpaq sahələri də getdikcə azalır. BMT-nin ötən il yayımladığı “Qlobal Ərazi Təxminləri” (The Global Land Outlook) adlı hesabata görə, dünyadakı əkinə yararlı ərazilərin 1/3-i yüksək istismar səbəbindən münbitsizləşib və hər il 24 milyard ton torpaq erroziyaya uğrayır. İnsanların sayı isə durmadan artır. Mütəxəssislərin fikrincə, 2050-ci ilə qədər dünya sakinlərin sayı 10 milyard olacaq, onların yarısı – 5 milyard nəfər isə aclıqla mübarizə aparacaq.

Belə ağır qida böhranı astanasında olan dünyanın əksər dövlətləri istər-istəməz taxıl məhsullarında qənaətə getməyə, öz ərzaq təhlükəsizliyi proqramlarına uyğun olaraq, ixracatlarını azaltmağa məhkumdurlar. Artıq bu ildən gözlənilən ağır böhranın ilk işartıları görünür. Beynəlxalq Taxıl Şurasının məlumatlarına görə, 2018-19-cu il biçim mövsümündə buğda istehsalında ötən illə müqayisədə 42 milyon ton azalma müşahidə olunub və ümumi ehtiyatlar 716 milyon tona geriləyib. Taxıl istehsalı ilə yanaşı, ehtiyatlar da azalıb.

ABŞ Kənd Təsərrüfatı Nazirliyinə görə isə, əslində dünyanın buğda ehtiyatlarında ciddi bir azalma yoxdur. Problem sadəcə ondadır ki, taxıl ehtiyatının təqribən yarısı Çinin əlində cəmləşib və bu da böyük sıxıntılar yarada bilər. Çünki Çinin öz taxıl ehtiyatlarını bazara çıxarması gözlənilmir.
Hesabatda bildirilir ki, dünyadakı taxılın 16%-ni istehlak edən Çin yeni mövsümə dünya ehtiyatının 46%-i ilə qədəm qoyub. 2018/19-cu il mövsümünün sonunda isə bu payın 50%-i aşacağı proqnozlaşdırılır. Bu isə Çinin taxıl ehtiyatının 5 il əvvələ görə 135 faiz artdığı mənasına gəlir.

Mütəxəssislər mövsümün sonunda ən böyük 8 istehsalçının əlində dünya ehtiyatlarının 20%-i qədər, yəni dünyanın buğda tələbatını yalnız 26 gün qarşılayacaq ehtiyat qalacağını təxmin edirlər. 10 il əvvəl isə həmin ölkələr ümumi ehtiyatların 30 faizinə sahib idilər.

Göründüyü kimi, dünya taxıl ehtiyatlarında yaranmış bu kritik vəziyyət əvvəlcədən uğurlu aqro-siyasətini formalaşdırmayan ölkələri çətin vəziyyətdə qoya bilər. Azərbaycan yaxın illərdə sürprizlərlə qarşılaşmaq istəmirsə, ilk növbədə öz taxıl ehtiyaclarını qarşılayacaq tədbirlər həyata keçirməli və özünü bu qida məhsulu ilə tam təmin edəcək vəziyyətə gəlməlidir.

Qeyd edək ki, Cənab İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində gözlənilən qlobal taxıl böhranı ilə üzləşməməyimiz üçün mümkün olan bütün addımlar atılıb. Artıq ölkəmizdə öz ehtiyacından xeyli çox taxıl ehtiyatı saxlaya bilən depolar, anbarlar tikilib. Bunu statistik məlumatlar da təsdiqləyir. 2017-ci ilin stastistik məlumatlarına əsasən, ölkəmizdə 5,724 milyon ton taxıl ehtiyatı yaradılmışdı. Bunun 1,488 milyon tonu 2016-cı ildən qalıq, 2,808 milyon tonu 2017-ci ildə istehsal edilən taxıl məhsulu, 1,427 milyon tonu idxal edilən taxıl məhsulları olmuşdu. Elə bu faktın özü də ehtiyat anbarlarında istehlak ehtiyacından hardasa 50% çox taxıl saxlamağımızın mümkünlüyünü göstərir.

Digər tərəfdən ölkəmizin bir çox torpaq sahələrində yeni taxıl zəmiləri salınır və məhsuldarlığı artıran tədbirlər həyata keçirilir. Xüsusilə Qarabağətrafı rayonlarda qurulan yeni təsərrüfatlar həm insanlarımızın öz torpaqlarına bağlılığını artırır, həm sərhəd bölgələrimizin boşalmasının qarşını alır, həm də taxıl ehtiyaclarımızın ödənilməsi istiqamətində mühüm tədbirlərin görülməsinə şərait yaradır.

Təsadüfi deyil ki, ölkədə ilk özəl iri pilot taxılçılıq təsərrüfatı olan “Qarabağ Taxıl” MMC 2012-ci ildə Prezident İlham Əliyevin xüsusi diqqəti sayəsində məhz atəş xəttinə yaxın ərazilərə yaradılmışdır. Ölkə başçısının iri özəl taxılçılıq təsərrüfatlarının yaradılması barədə verdiyi tapşırıqların icrası məqsədi ilə bu müəssisəyə Ağcabədi və Beyləqan rayonlarının ərazilərində dövlət torpaq fondu hesabına 4800 hektar sahə ayrılmışdır. Təsərrüfatın fəaliyyətinin təmin edilməsi üçün dövlət tərəfindən ərazidə lazımi infrastruktur formalaşdırılıb meliorasiya-irriqasiya, yolların çəkilməsi və enerji təminatı kimi mühüm tədbirlər həyata keçirilmışdır.

Məlumatlara görə, sözügedən təsərrüfatda dünyanın ən son texnologiyası tətbiq olunur. İniyədək müəssisədə 64 ədəd müasir suvarma sistemi – pivot quraşdırılıb, 5 nasosxana, 5,5 milyon manat dəyərində 20 min ton tutumlu müasir taxıl anbarı, 6 min tonluq soyuducu anbar kompleksləri, saatda 100 ton qurutma gücünə malik quruducu qurğu inşa edilib. Təsərrüfata 4,2 milyon dollar dəyərində 20-dək müxtəlif adda kənd təsərrüfatı texnikası alınıb. Bu müddətdə təsərrüfat istər kənd təsərrüfatı texnikaları seçimində, istər toxum alınmasında, istərsə də gübrə və pestisidlərin əldə edilməsində dünyanın ən qabaqcıl şirkətləri ilə əməkdaşlıq edir.

2016-cı ildə “Qarabağ Taxıl” MMC-nin Füzuli rayonu ərazisindəki təsərrüfatında aqrotexniki qaydalara əməl olunmaqla 10 min hektarda taxıl yetişdirilib. Səpin zamanı, əsasən, yerli şəraitə uyğunlaşdırılmış “Azəri”, “Qobustan, “Bərəkətli 95”, “Krasnodar-99”, “Batko”, “Nota” sortlarına üstünlük verilib.

Dünyanın taxıl vətəni coğrafiyasına daxil olan Azərbaycanda yeni buğda növlərinin seleksiyası da məhsuldarlığı artıracaq tədbirlərdəndir. Ümidvarıq ki, Cənab İlham Əliyevin bu ilin 22 may tarixli fərmanıyla Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində yaradılan Aqrar Tədqiqatlar Mərkəzi bu sahədə ciddi uğurlara imza atacaq və ölkəmiz nəinki öz illik tələbatını ödəyəcək vəziyyətə gələcək, hətta taxıl ixracatçısına çevriləcək.

Mürvət Həsənli,
ADAM sədri

Tarix: / Foodinfo