Kənd yumurtası kəskin bahalaşıb

Azərbaycanda bir müddət əvvəl yumurtanın limitlə satılması ilə bağlı məlumatlar yayılmışdı. Satıcılar bahalaşma və qıtlığın qarşısını almaq üçün yumurtanı adambaşına 20 ədəd olmaqla satışa çıxarmışdılar. Hazırda bu limit aradan qalxsa da, yumurtanın yüksələn satış qiyməti aşağı düşməyib.

Virtualaz.org bununla bağlı araşdırma aparmaq üçün bir neçə marketə baş çəkib. Məlum olub ki, marketlərdə broyler fabriklərində istehsal olunan yumurta bollaşıb. Amma broyler yumurtasından fərqli olaraq, hazırda fərdi təsərrüfatlarda istehsal edilən kənd yumurtasında qıtlıq müşahidə olunur. Ona görə də, bu yumurtanın qiyməti bəzi yerlərdə 45-50 qəpiyə qədər qalxıb. Broyler yumurtası isə 20-25 qəpiyə satılır.

Ölkədəki qıtlıq qonşu Rusiyaya ya da təsirsiz ötüşməyib. Rusiya mətbuatının yazdığına görə, Azərbaycandan göndərilən yumurtanın ixracı dayandırıldığından qonşu ölkədə də bu kənd təsərrüfatı məhsulunda bahalaşma müşahidə olunur. Mənbə qeyd edir ki, Lipetsk vilayətinin bir çox sakinləri payızın ortalarından etibarən yumurta tapa bilmirlər. Payızda yumurta istehsalının azalması bir yana, Azərbaycandan da yumurta idxalı dayanıb. Buna görə də? hazırda Rusiyada yumurtanın bir ədədinin qiyməti 65 rubla – 1,66 manata çatıb.

Respublika Quşçular Cəmiyyətinin sədri Aydın Vəliyev isə qiymət artımının mövsümlə əlaqədar olaraq qıtlaşan kənd yumurtasında müşahidə olunduğunu deyir. Onun sözlərinə görə, broyler yumurtası kifayət qədər boldur və bundan sonra daha da bollaşacağı gözlənilir: “Yumurtanın qiyməti qalxmayıb, əvvəl necə idi, indi də elədir. Bazarda ola bilər qiyməti qaldırmışdılar. İndi təzədən düşür. Çünki yer-göy yumurtadır. Əksinə, bundan sonra tələbat olmadığına görə, yumurtanın qiymətinin aşağı enəcəyi gözlənilir. Çünki tələbat azalanda qiymət də enir”.

Birlik sədri deyir ki, yumurtanın qiymətini qaldıranlar bazardakı işbazlardır: “Bazar bazardır, orada qanun yoxdur. Bazarda bilinmir kim kimdir. Marketlər, supermarketlər qanunla alırlar, sənədlə satırlar. Niyə onlara müraciət etmirsiniz? Kənddə indi toyuqlar yumurtlamır. Çünki qış gəlib, mövsüm bitib. Bazarda satıcılar 3-4 aydan qalan yumurtanı dədələrinin qiymətinə satışa çıxarırlar. Əslində kənd yumurtasının belə uzun müddətdə qalması mümkün deyil, çox adam buna görə də onu almır”.

A.Vəliyev Rusiyanın Lipetsk vilayətində Azərbaycandan alınan yumurtanın ixracının dayandırılması səbəbindən yaranan qıtlığa da münasibət bildirib. Onun sözlərinə görə, ölkəmizdən Rusiyaya heç vaxt yumurta göndərilməyib. Azərbaycandan ancaq cənub ölkələrinə, Əfqanıstana, İrana, İraqa və digər ölkələrə göndərilir, buna görə də, həmin səbəbdən qıtlıq və bahalaşma mümkün deyil.

Xatırladaq ki, sentyabr ayının sonlarından başlayaraq, ölkədə, xüsusilə paytaxt Bakıda yumurta qıtlığı yaranmışdı. Buna əsas səbəb kimi orta və iri quşçuluq təsərrüfatlarında bəslənən quşların xəstəliklərdən mütəmadi olaraq tələf olması və bu təsərrüfatların zərərlə işləməsini göstərilirdi. Lakin Qida Təhlükəsizliyi Agentliyinin açıqlamasına görə, mövsümlə əlaqədar satış məntəqələrində bu məhsullara tələbat artıb. İndiyədək aparılan monitorinqlər zamanı xəstəlik əlamətləri müşahidə edilən və ya tələf olan quşa rast gəlinməyib.

Tarix: / Foodinfo