AQTA: Bazarlara nəzarət gücləndirilir, laboratoriyalar quraşdırılır – Açıqlama

Baytarlıq nəzarətində özəl sistemin qurulması ciddi təşəbbüsdür. Dünya təcrübəsində belədir ki, sahibkarın baytar həkimlə işbirliyi olmalıdır. Mütəxəssis leqal şəkildə müəyyən qurumda qeydiyyatdan keçməlidir.

Foodinfo.az xəbər verir ki, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin Heyvan sağlamlığı və baytarlıq nəzarəti şöbəsinin müdiri, Respublikanın baş dövlət baytarlıq müfəttişi Qalib Əbdüləliyev deyib.

O bildirib ki, ölkədə bu istiqamətdə iş başlanacaq: “Mütəxssis AQTA-nın müvafiq avtorizasiyasından keçdikdən sonra baytar kimi fəaliyyət göstərəcək. Həmin mütəxəssis kifayət qədər təcrübəli olmalıdır”.

Qabil Əbdüləliyevin sözlərinə görə, heyvanların müalicəsi zamanı antibiotikdən istifadə edilirsə, bu, insanların qida zəncirinə daxil olur. İnsan xəstələndikdə antibiotikin ona təsiri zəifləyir: “Baytar mütəxəssislər buna nəzarət etməlidir. Bazarlarda və kəsim məntəqələrində fəaliyyət göstərən baytar-sanitariya ekspertiza laboratoriyalarının təkmilləşməsi üzərində iş gedir.

Sovet dövründə məhsul kolxoz və sovxozlarda istehsal olunurdu. Orada istehsal olunan məhsula nəzarət güclü idi. Bu gün respublikada istifadə olunan südün 5 faizi iri təsərrüfatlardan gəlir. Bazarda satılan süd məhsullarının böyük hissəsi xırda ailə təsərrüfatlarında istehsal olunur. Bazar rəhbərliyi məhsulun keyfiyyətinə nəzarət etmədən satışa buraxır. Bu, düzgün deyil.

Artıq burada tənzimləmə prosesinə start veriləcək. Bazara girən ət, balıq və süd məhsulları mütləq yoxlanışdan keçəcək”.

Tarix: / Foodinfo