Adı və dadı ilə məşhur olan yemək

Foodinfo:

Milli mətbəx nümunələrimiz xalqımızın qədim tarixi, yüksək mədəniyyəti ilə birbaşa bağlıdır. Bu baxımdan Naxçıvanın zəngin mətbəx nümunələri diqqəti cəlb edir. Həmin mətbəx nümunələrindən şıppır qovurmasını, arzuman küftəsini, kömbə kökəni, cəvizli kökəni, qədim şirniyyat növü olan əyirdəyi və digərlərini misal göstərmək olar. Naxçıvanda geniş yayılmış yemək növlərindən biri olan daş küftə isə bu gün doğma diyara qonaq gələn hər kəsin diqqətini cəlb edən dadlı yeməklərdəndir. Daş küftə Naxçıvanda, demək olar ki, hər bir ailənin müraciət etdiyi yemək növlərindən biridir.

Hazırlanmasında daşdan istifadə edildiyinə görə ona daş küftə deyirlər. Belə ki, bu yemək üçün ayrılmış ətin döyülməsində iri çaydaşı və cəviz ağacından hazırlanmış toxmaqdan istifadə olunub. Yastı formada, diametri, təxminən, 50-60 santimetr olan daşın bir üzü hamar olmalıdır. Bu, ona görədir ki, əti daşın üstündə toxmaqla rahat döymək olsun. Yastı daşın üz tərəfi böyük olmalıdır ki, döyülən ət və başqa qarışıqlar kənarlardan yerə tökülməsin.

Bu küftənin hazırlanma qaydası da maraqlıdır. Muxtar respublikanın Kəngərli rayonunun Yurdçu kəndindən olan Səkinə nənə AZƏRTAC-ın Naxçıvan bürosunun müxbiri ilə söhbətində deyir ki, bunun üçün əvvəlcə yağlı dana və ya qoyun əti seçilərək sümükdən ayrılır. Ətin miqdarı, adətən, ailə üzvlərinin sayına görə müəyyənləşdirilir. Sonra ət daşın üzərinə qoyularaq ağac toxmaqla döyülür. Ətin sonradan bura əlavə olunacaq qarışıqlarla tam döyülməsi bəzən bir saatdan da çox vaxt aparır.

“Elə ki, ət qiymə halına düşdü, o zaman üzərinə bir ovuc suda qaynadılmış noxud əlavə edib yenidən döyürük. Noxudlar tam əzilib, ətə qarışdıqdan sonra təmizlənmiş baş soğan və bir dəstə keşniş əlavə edirik. Daşın üstündə bunlar birlikdə döyüldükdən sonra, təxminən, bir stəkan düyü, sarıkök, duz-istiot və küftəyə xüsusi tam verən göyərti – nanə və məzrə əlavə edirik”, – deyən Səkinə nənə bildirir ki, bütün əlavələr ətlə birgə tam döyülüb qurtardıqdan sonra yumurta ilə qarışdırılaraq kündələr hazırlanır. Bir ovucun içərisinə sığacaq böyüklükdə olan kündələrə zövqə görə bəzən zirinc və ya albalı, bəzən isə əvvəlcədən qaynadılmış yumurta qoyulur. Sonra ayrı bir qazanda yağla soğan qovurulur, üzərinə pomidor və ya tomat, sonra isə su əlavə edilərək qaynamağa qoyulur. Su qaynamağa başlayanda küftələr qazana boşaldılır. İstəyə görə yeməyin suyuna dilimlənmiş kartof və yaxud əvvəlcədən qaynadılmış noxud əlavə edilə bilər. Yemək hazır olduqdan sonra zövqə görə üzərinə quru nanə də tökülür.

Daş küftəsi, adətən, isti halda yeyilir. Maraqlısı odur ki, Şərur, Sədərək və Kəngərli rayonlarında bəzən onu soyuduqdan sonra səhər yeməyində, şirin çayla, lavaşın arasına bükərək də yeyirlər.

Qeyd etmək lazımdır ki, ətçəkən maşında hazırlanmış qiymə ətdən fərqli olaraq, daş küftəsi tərkibinə əlavə olunmuş qarışıqlarla birgə döyüldüyündən həm dadı ilə fərqlənir, həm də həzm baxımından digər ət yeməklərindən seçilir. Buna görə də keçmişdən bu günədək Naxçıvanın daş küftəsi süfrələrimizin bəzəyinə çevrilib. (Azərtac)