Ağstafada 1 ton çörək istehsal edən zavod

Məluamt verildiyi kimi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 19-da “Ağstafa Aqroservis” MMC-nin nəzdində yaradılacaq taxıl və un məmulatları istehsalı kombinatının, taxıl dəyirmanının təməlqoyma mərasimində iştirak edib.

Dövlət başçısı ümumilikdə “Ağstafa Aqroservis” MMC-nin layihələri çərçivəsində görülən işləri yüksək qiymətləndirib.

Hazırda layihəyə uyğun olaraq inşaat işləri sürətlə davam etdirilir. Kombinat 3 zavoddan ibarətdir. Bunlar “Toxumluq taxıl emalı”, “Taxıl emalı və un istehsalı” və “Çörək və yarım fabrikatlar istehsalı” zavodlarıdır.

“Taxıl emalı və un istehsalı” dəyirmanın xüsusi əhəmiyyəti ondan ibarətdir ki, emala təqdim edilmiş taxıl yuyulmayacaq. Onun nəmləndirilməsi xüsusi texnologiya ilə həyata keçiriləcək və unun keyfiyyətli olmasına şərait yaradacaqdır. Emal zamanı yaranan kəpək və digər qırıntılardan isə yem kimi istehsal ediləcək.

Layihə çərçivəsində saatda 1 ton istehsal gücünə malik çörək zavodu, 30 min tonluq taxıl, 2 min tonluq un rezervuarları, mədəniyyət mərkəzi, 300 yerlik konfrans zalı, hazır məhsul anbarı, ikimərtəbəli “fast food” iaşə obyekti, 140 yerlik yeraltı avtomobil dayanacağı, yem anbarı yaradılacaq.

Ümumi sahəsi 2 min kvadratmetr olacaq “fast food” iaşə obyektində kompleksin istehsal etdiyi çörək, un və qənnadı məhsulları təqdim ediləcək.

Kompleksin yaradılmasında Avropa, əsasən də Almaniya və İsveçrə texnologiyalarından istifadə olunduğu üçün kadr hazırlığı məqsədilə tədris kursları təşkil edilib.

Layihə hazır olduqda 240 nəfər daimi işlə təmin ediləcəkdir. Tikinti işlərinin tam başa çatdırılması 2018-ci ilin sonlarına planlaşdırılır.