Azərbaycanın qida məhsulları Tbilisidə nümayiş etdirilir

Azərbaycan milli şirniyyat və qida məhsulları Tbilisidə açılan “XVIII Beynəlxalq Kənd təsərrüfatı, Qida sənayesi, Emal və Qablaşdırma Texnologiyası (Agro/Food/Drink/Tech) sərgisində nümayiş etdirilir.

Tbilisidəki “Expo Georgia” Sərgi Mərkəzində açılan sərgidə Azərbaycanla yanaşı, Gürcüstan, Rusiya, Ukrayna, Belarus, Polşa, Hollandiya, İtaliya və digər ölkələrdən 120-yə yaxın şirkət iştirak edir.

Azərbaycan məhsulları Avropa İttifaqının maliyyə dəstəyi ilə həyata keçirilən Gürcüstan-Azərbaycan Ərazisi Sərhəd Əməkdaşlığı üçün “Gənc Sahibkarlar Sinerjisi (YES!) Şəbəkəsi” layihəsi çərçivəsində təqdim olunub. Layihənin pavilyonunda şəkərbura, paxlava, qoğal, qatlama, lavaş, motal pendiri, qurut və digər məhsullar təqdim olunur. Məhsulların dequstasiyası ilə yanaşı, satışı da həyata keçirilir.

Sərgidə nümayiş olunan məhsullar əsasən Qazax, Tovuz və Ağstafa rayonlarında fəaliyyət göstərən müəssisələr tərəfindən istehsal edilib.

Sərgidə iştirakın məqsədi Azərbaycanın milli qida məhsullarının Gürcüstanda tanıdılması və təbliğidir.

Məlumat üçün qeyd edək ki, adı çəkilən layihə 2018-ci ilin mart ayından Gürcüstan və Azərbaycanın sərhədyanı bölgələrində həyata keçirilir. Gürcüstan və Azərbaycandan olan sahibkarlar bu layihə çərçivəsində əməkdaşlıq edirlər.

Layihənin əsas məqsəd iki ölkənin sahibkarları arasında təcrübə mübadiləsinə nail olmaq və onların birliyini yaratmaqdır.

Azərbaycanın milli məhsulları sərginin yerli və əcnəbi ziyarətçiləri tərəfindən xüsusi maraqla qarşılanıb.

Sərgi noyabrın 23-dək davam edəcək