“Qaynar xətt”ə çoxsaylı müraciət daxil olur

Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) 1003 “Çağrı mərkəzi”nə vətəndaşlar tərəfindən gün ərzində onlarla müraciətlər daxil olur. Müraciətlər əsasən məlumat xarakterli olsa da, bəzən qida sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektləri və istehlakçı hüquqlarının pozulması halları ilə bağlı şikayətlərdir.

AQTA-nın mətbuat xidmətinin rəhbəri Mansur Piriyev bildirib. O qeyd edib ki, daxil olan müraciətlər avtomatik qaydada “Çağrı mərkəzi”nin elektron sistemində qeydiyyata düşür və icrasının təmin olunması üçün operatorlar tərəfindən dərhal aidiyyəti üzrə yönləndirilir:

“Onu da qeyd edim ki, “Çağrı mərkəzi” ilə yanaşı agentliyin rəsmi sosial şəbəkə səhifələri və info@afsa.gov.az elektron ünvanına daxil olan müraciətlər də qeydə alınır və hər birinin icra vəziyyəti, nəticələri ilə bağlı müraciət edən şəxsə məlumat verilir. Agentlik fəaliyyətə başladığı ilk gündən etibarən qida təhlükəsizliyin təmin olunması prosesdə vətəndaşların, istehlakçıların iştirakına xüsusi önəm verir”.

M.Piriyev deyib ki, daxil olan müraciətlərin və şikayətlərin hər biri diqqət mərkəzində saxlanılır:

“Həyata keçirilən nəzarət, yoxlama tədbirləri zamanı vətəndaşlardan daxil olan bu məlumatlar xüsusi əhəmiyyət kəsb edir. İstənilən şəxs qida təhlükəsizliyi sahəsində onu maraqlandıran suallar, konkret şikayətlərlə bağlı 1003 “Çağrı mərkəzi”nə və qeyd olunan elektron ünvanlara müracət edə bilər”. (Modern.az)