Məhsulların ucuz satılması müştərilərdə şübhələr yaradır

OBA marketlər şəbəkəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin mütəxəssisi Elvin Babayev müsahibə verib.

Foodinfo.az həmin müsahibəni təqdim edir.

Qeyd edək ki, OBA market Azərbaycanın bütün bölgələrində fəaliyyət göstərən yeganə şəbəkədir. Müsahibədə alıcıları maraqlandıran əsas nüanslara toxunmağa çalışmışıq.

-OBA marketlər şəbəkəsində satışda neçə çeşid məhsul var və bu məhsulların istehsalı hansı formada aparılır?

-2016-cı ildə “hard-discount” modelini ilk dəfə ölkəmizə gətirən OBA marketlər şəbəkəsi 600 çeşid gündəlik tələbat məhsullarının satışı ilə fəaliyyətə başladı. Fəaliyyətə başladığımız zaman biz dünya təcrübəsini sürətlə öyrənir, bu təcrübələri ölkəmizdə də tətbiq etməyə çalışırdıq. Təbii ki, yeni yaranan bir şirkətin şəxsi markaları (Private label-PL) tez bir zamanda inkişaf etdirməsində bəzi problemlər yaranırdı. Məqsədimiz müştərilərə keyfiyyətli məhsulları ucuz qiymətə təklif etmək idi. Lakin bəzi məhsullarda müxtəlif partiyalarda problemlər müşahidə olunurdu və bu da müştərilərdə yanlış fikirlər formalaşdırırdı. Zaman keçdikcə biz daha keyfiyyətli istehsalçıları araşdırdıq və onlarla əməkdaşlıq etməyə başladıq. Hal-hazırda OBA marketlər şəbəkəsində mövsümi məhsullar da daxil olmaqla mindən çox çeşiddə məhsul satışdadır. Satışda olan məhsullar yerli və xarici istehsal müəssisələrində ən yüksək texnologiya və keyfiyyətdə istehsal olunur. Əsas məqsədimiz yerli sahibkarlarla əməkdaşlığı daha da genişləndirmək, onlara dəstək olmaqdır.

-Keyfiyyətə necə nəzarət edirsiniz?

OBA marketlər şəbəkəsinin keyfiyyətə nəzarət şöbəsi tərəfindən yoxlanışdan keçməyən heç bir məhsul marketdə satışa çıxarılmır. OBA marketlər şəbəkəsinin logistika mərkəzinə daxil olan məhsullardan (hər partiyadan) nümunələr götürülür və laboratoriyaya göndərilir. Laborator analizlərdən uğurla keçən məhsullar marketlərdə satışa çıxarılır. Bundan başqa, bir məsələni də xüsusi olaraq qeyd etmək istəyirəm. Bizim şəxsi markalarımızın əksəriyyətinin içi digər marketlərdən aldığınız brend məhsullarla eynidir. Yəni biz məhsul alarkən brendə və ada yox, məhsulun özünə pul ödəyirik. Bu da həm keyfiyyətli həm də ucuz marka yaratmağa kömək edir.

-OBA marketlərdə brend məhsullar da satılır?

-Təbii ki, biz müştərilərimizin istəklərini eşitməzdən gələ bilmərik. Hal-hazırda “Procter & Gamble”, “Unilever”, “ETİ”, “Coca cola”, “Danone” və digər dünya brendlərinin məhsulları da OBA marketlərdə satışdadır. Bu məhsullar birbaşa marketlərimizə rəsmi zəmanətlə distribüter şirkətlər tərəfindən gətirilir. Bəzən bu brend məhsulların digər marketlərə nisbətən ucuz satılması müştərilərdə şübhələr yaradır. Lakin bütün alıcılarımız bu mövzuda rahat ola bilərlər. Satışda olan bütün brend məhsullara istehsalçı şirkətlər tərəfindən tam zəmanət verilir. Ucuz olmağımızın tək bir səbəbi var. Biz bu şirkətlərdən kütləvi alışlar edirik. Kütləvi alış zamanı da məhsulun alış qiymətində endirimlər olur. Bu endirimlər sayəsində də biz məhsulu istehlakçılara daha münasib qiymətə təqdim edirik.

-OBA marketin hal-hazırda alıcıları – müştəriləri kimlərdir?

-OBA market qənaəti bilən, qənaət edən bütün insanların marketidir. Hal-hazırda müştəri portfelimiz genişdir. Hər gün bu say artır. Sevinirik ki, insanlardakı “ucuzdursa keyfiyyətsizdir” sterotiplərini qıra bilmişik. Bunun bir səbəbi var. OBA marketlərdən alış-veriş edən hər kəsdə məhsullarımızın keyfiyyətinə inam yaranıb. Biz də təbii ki, bu inamı qorumağa və yeni-yeni keyfiyyətli məhsulların istehsalına çalışırıq.

-Müştəri məmnuniyyəti üçün hansı addımlar atırsınız?

Müştəri məmnuniyyəti bizim üçün çox həssas bir məsələdir. Heç bir halda müştərilərin mağazamızdan narazı getməsini istəmirik. Bütün hallarda müştərilərin fikrini bizə bildirməsi üçün qaynar xəttlə paralel whatsapp qaynar xəttimizdə də fəaliyyət göstərir. Bundan başqa müştərilərimiz bütün sosial şəbəkələrdə bizə yaza bilərlər. OBA marketlər şəbəkəsi olaraq məsələlərə dərhal reaksiya verməyə, yaranan hər hansı bir xoşagəlməz halı aradan qaldırmağa hazırıq. Bütün bunlar bizim daha da təkminləşməyimizə və gələcəkdə digər müştərilərimizin razı qalmasına səbəb olur.

Müştərilərimiz üçün, onların hüquqlarının qorunması üçün 4 əsas prinsip müəyyənləşdirmişik. Birincisi, marketimizdən aldığınız məhsulu 15 gün ərzində geri qaytara bilərsiniz. İkincisi, marketlərimizdə rəf qiyməti ilə kassa çıxış qiyməti fərqli olduqda ucuz olan qiymət keçərlidir. Üçüncü prinsipimiz marketimizdə alış-veriş zamanı son istifadə müddəti bitmiş məhsul aşkar edərsəniz yeni məhsul sizə ödənişsiz olaraq veriləcəkdir. Dördüncüsü, çap xətası ilə əlaqədar hər hansı bir məhsulun qiyməti ucuz olarsa, bu qiymət kassada da keçərlidir. Müştərilərimizdən tək bir xahişimiz var. Bütün qarşılaşdığınız və xoşagəlməz hesab etdiyiniz məsələləri bizə bildirməyinizi xahiş edirik. (Marja)

Tarix: / Foodinfo