Yarmarkaya çıxarılan balın keyfiyyətinə kim zəmanət verir?

Qida Təhlükəsizliyi Agentliyi Bakıdakı arıçılıq məhsullarının satış yarmarkasına çıxarılması planlaşdırılan 30 ton balın saxta olduğunu açıqlayıb. 150 ton süzmə balın isə satışına icazə verilib.

Saxta balın daha çox Astara və Daşkəsəndən gətirildiyi bildirlib.

Maraqlıdır Qida Təhlükəsizliyi Agentliyi yarmarkaya çıxarılan məhsulları laboratoriyadan keçirərkən hansı qaydaları gözləyib?

Bir çoxları iddia edir ki, təmiz bal 25-30 manata satıla bilməz.

Kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov açıqlamasında deyib ki, hər hansı bir məhsulun saxta olub-olmadığını yoxlamaq üçün müəyyən prosedur qaydalar var:

“Bal istehsalçılarının satışa gətirdikləri məhsulun keyfiyyəti onların iştirakı ilə laboratoriya şəraitində analiz olunmalıdır. Fermer öz məhsulunu yarmarkaya təqdim edərkən onun əlində keyfiyyət sertifikatı olmalıdır. Əgər həmin fermerlər və istehsalçılar o sertifikatlarla bazarda iştirak edirlərsə, onların məhsulunu saxta çıxartmaq düzgün deyil. Onda belə çıxır ki, laboratoriya onlara saxta sənəd verib. Əgər onlar həmin baldan nümünə götürüb özləri Bakıda olan laboratoriyada keyfiyyəti yoxlatdırıblarsa, uyğun bir sənəd təqdim edirlərsə, bu, başqa bir məsələdir”.

V.Məhərrəmov Azərbaycanda müstəqil laboratoriyaların olmamasından danışıb:

“Bizdə müstəqil laboratoriya olmadığı, fermer, kəndli öz məhsulunun keyfiyyəti ilə bağlı dəqiq məlumat əldə edə bilmədiyi üçün, onun malına saxta demək düzgün deyil. Azərbaycanda imkan yaratmaq lazımdır ki, müstəqil laboratoriyalar olsun. Məhsulu yalnız məmur aparıb yoxlatdırmamalı, onun keyfiyyəti ilə yalnız o, maraqlanmalı deyil. Yoxlama həm də fermerin iştirakı ilə aparılmalıdır. Əgər fermer mütəqil laboratoriyadan sənəd əldə edibsə, onda o sənədin doğru olub-olmadığını yoxlamaq lazımdır.
Ümumiyyətlə, bizdə keyfiyyətin yoxlanılması ilə bağlı problemlər çoxdur. Qida Təhlükəsizliyi Agentliyi də yeni yaranıb. Bəzən regionlarda fermerlər tərəfindən iddialar irəli sürülür ki, onlara bir sıra dövlət qurumları tərəfindən keyfiyyət və qiymətlə bağlı təzyiqlər olunur. Hesab edirəm ki, bütün bunlar qaydaya salınmalıdır. Eyni zamanda, qanunlara da dəyişikliklər edilməlidir.

Məhsulun yarmarkaya çıxarılması üçün proses belə olmalıdır: fermer məhsulunu yarmarkaya çıxararkən orada müstəqil laboratoriya olmalıdır. Ondan sonra hər üç tərəfin iştirakı ilə məhsulun keyfiyyəti yoxlanılıb satışa buraxmalıdırlar.

Artıq 10 ilə yaxındır ki, bəzi məmurlar tərəfindən fermerlərə əziyyət verilir. Məmurların bu cür hallarda öz şəxsi maraqları olur. Ola bilsin ki, təmiz balın sahibi onunla anlaşılmadığı, müəyyən tələbini ödəmədiyi üçün məhsulu saxta çıxarırlar”.

Ekspert təklif etdi ki, özünə güvənən və məhsulunun keyfiyyətinə tam əmin olan  fermer öz malını ayrı-ayrı yerlərdə laboratoriyadan keçirib onun saxta deyil,  təmiz olduğunu həmin quruma sübut etsin: “Bu gün öz məhsulunu yarmarkaya çıxaran bəzi adamlar ona haram qatmamaq üçün çalışırlar ki, kiməsə rüşvət də verməsinlər”. (Modern.az)

Tarix: / Foodinfo