Marketlər çörəyə endirim etməkdənsə…

“Ərzaq məhsullarının tədarükü və təchizatı” Açıq Səhmdar cəmiyyətinin nümayəndəsi, ekspert Nicat Nəsirli marketlərdə əahliyə satılan çörəklərlə bağlı maraqlı təklif irəli sürüb.

Foodinfo.az ekspert Nicat Nəsirlinin fikirlərini təqdim edir:

Böyük dövriyyəyə malik olan market şəbəkələri xalqımızın çörəyə xüsusi hörmətini bildikləri üçün satış strategiyalarını bu “hörmət”in üzərində qurmağa çalışırlar. Dünyada yeganə xalqlardan biriyik ki, yemək yeməyi “çörək yemək” kimi qəbul edirik, gecə saat 00.00-da evdə çörək olmayanda dünya başımıza yıxılır, çörəyi qaynar-qaynar yeməyi yüksək mədəniyyət göstəricisi kimi başa düşürük.
İri marketlər bu həssaslığı iqtisadi fəallığa çevirirlər. Sadə yolla, satış qiyməti 0.40 qəp olan, 1 ədəd “zavod çörəyi” alana biri də üstündə hədiyyə..üstəlik, 2 ədəd zavod çörəyi 0.40 qəpiyə yox, cəmi 0.25 qəpiyə. 1 kq çörək cəmi 0.25 qəpiyə, daha nə istəyirsiniz? Əvəzində isə çörəkdə itirilən pullar digər məhsulların satışında “xilas edilir”. Köhnə atalar sözünü yeni versiyada: “Çörəyi ver yeyənə, birini də üstəlik!”.
Ucuz çörək dalınca marketə girən alıcı saysız-hesabsız məhsulların cazibəsinə dayana bilmir, 0.25 qəpiklik çörək ona çox baha başa gəlir..amma o, bunun fərqində belə olmur…
“Çörək bol olarsa, basılmaz Vətən!”-deyən şairin qələminə qüvvət, xalqımız dünya üzrə ən çox çörək yeyən xalqlar sırasındadır. Bir nəfər ildə 136 kq, gündəlik olaraq isə 370 qram çörək yeyir. Bir çox rəqəmlərdə xalqımızın adambaşına 155 kq-lıq istehlakla ispanlardan sonra ikinci yerdə durduğu iddia olunur. Beləliklə, ildə 1 milyon 292 min ton çörək yeyirik!

Xalqa “çörək verən” iri marketlərimizə sağlam gələcəyimiz naminə başqa bir qazanc yolu təklif edirik. Cəmiyyətin aztəminatlı təbəqəsinə normadan artıq çörək yedizdirib onları xəstəxanalara salmaqdansa meyvə-tərəvəz paylayın, təbii ki, pulu ilə. Məsələn, bu il ölkədə böyük həcmdə alma, xurma istehsalı baş verib. “1 kq alma alana, 1 ədəd çörək hədiyyə!” və ya “2 kq alma alana zavod çörəyi pulsuz!” kompaniyaları kimi. Onsuzda 1 ədəd çörəyi 1 kq almanın qiymətinə satırsınız. Almanın bölgələrdə satış qiyməti 0.20-0.25 qəpikdir.
Həm xalqa sağlamlıq bəxş edin, həm də yerli istehlaka dəstək olun!

Nicat  Nəsirli adlı şəxsin şəkli.