Bu bakteriya güclü qida zəhərlənmələrinə səbəb ola bilir

Steril olmayan şəraitdə hazırlanan hər bir konservləşdirilmiş qida məhsulu ayrı-ayrılıqda təhlükə mənbəyidir. Evdə hazırlanan konservlərin müəyyən qaydalara əməl olunaraq konservləşdirilməsi və saxlanılması şərtdir. Yaxşı steril olunmamış konservalarda xüsusilə “clostridium botulinum” adlı bakteriya yaranır ki, bu bakteriya güclü qida zəhərlənmələrinə səbəb ola bilir.

Bakteriyanın yaranmasına səbəb isə yaxşı bişirilmədən bağlanan konservalardır. Konservləşdirilmiş meyvə-tərəvəzi yaxşı yumaq əsas şərtdir. Çünki meyvə və tərəvəzin üzərində qalan torpaq (torpaqda olan gübrələr, pestisidlər) zəhərlənməyə səbəb ola bilir. Yaxşı olar ki, meyvə və tərəvəzlər isti su ilə yuyulsun.

İstehlak etdiyimiz qida məhsulları içərisində konservləşdirilmiş tərəvəzlər üstünlük təşkil edir. Ən geniş yayılmış tərəvəz konservləri pomidor, xiyar, kələm, badımcan, göbələk və s. məhsulların duza qoyulması ilə hazırlanır. Bu məhsullar yaxın keçmişə qədər çox vaxt ev şəraitində hazırlanırdısa, hazırda daha çox sənaye üsulu ilə istehsalına üstünlük verilir.