Satılan ərzaqla bağlı son statistika açıqlandı

2018-ci ilin yanvar-avqust aylarında pərakəndə ticarət şəbəkəsində 23,0 milyard manat dəyərində məhsul satılıb.

Ticarət dövriyyəsinin 11 milyard 532,4 milyon manatını ərzaq məhsulları, içkilər və tütün məmulatları, 11434,0 milyon manatını qeyri-ərzaq məhsulları təşkil edib.

Satılmış məhsulların dəyəri 2017-ci ilin yanvar-avqust aylarının göstəricilərini real ifadədə müvafiq olaraq 2,2 faiz və 3,2 faiz üstələyib.

Hesabat dövründə alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin 45,9 faizi ərzaq məhsullarının, 4,3 faizi içkilər və tütün məmulatlarının, 18,1 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 6,2 faizi elektrik malları və mebellərin, 5,7 faizi avtomobil yanacağının, 1,3 faizi əczaçılıq və tibbi malların, 0,7 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 17,8 faizi isə digər qeyri-ərzaq məhsullarının alınmasına sərf olunub.

2018-ci ilin yanvar-avqust aylarında istehlak məhsullarının 16,6 faizi ticarət müəssisələri, 50,7 faizi fərdi sahibkarlar tərəfindən, 32,7 faizi isə bazar və yarmarkalarda satılıb.

Hesabat dövründə əhalinin bir nəfərinə düşən orta aylıq pərakəndə ticarət dövriyyəsi 292,8 manat və ya 2017-ci ilin müvafiq dövrünün göstəricisindən nominal ifadədə 13,4 manat çox olub.

Bir ölkə sakini orta hesabla hər ay 147,0 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 145,8 manatlıq qeyri-ərzaq məhsulları alıb.